Abşeron rayonunun Xırdalan şəhərində, Heydər Əliyev prospektində səki zəbt olunub. Bura demək olar ki, bizim daim istifadə etdiyimiz yoldur. Hər gün bu səkini keçib getməli olan yaşlısı, uşağı indi yolun hərəkət hissəsinə çıxmalı olur”.
Bu şikayətlə ərazidə yaşayan sakinlər müraciət ediblər.
Vətəndaşların sözlərinə görə, elektronika məhsulları mağazasının qarşısında olan səki qanunsuz olaraq tutulub və orada maşın dayanacağı yaradılıb: “Nəticədə maşınlar səkini bütünlüklə zəbt etdiyi üçün piyadalar prospektin hərəkət hissəsinə çıxmalı olurlar. Gündəlik istifadə etdiyi yoldur. Buradan uşaq da keçir, yaşlı da, çox təhlükəlidir”.
Vətəndaşlar onu da bildirirlər ki, bir müddət əvvəl həmin mağazadan 200 metr aralıda yerləşən mebel mağazasının qarşısındakı səki də maşın dayanacağına çevrilib: “İyulun 5-i İcra Hakimiyyətindən gəldilər, həmin maşın dayanacağı ləğv edildi. O hissəyə beton tökülərək yenidən səki yaradıldı. Lakin digər mağazanın qarşısı hələ də qalır...”
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Xırdalan Şəhər İcra Nümayəndəliyindən cavab olaraq bildirildi ki, bu məsələ artıq nəzarətə götürülüb və şəhərin bütün küçə və prospektləri araşdırılmaqdadır: “Xırdalan şəhərində uzun illər ərzində bir sıra ərazilərdə səkilər sökülərək onların yerlərində qanunsuz olaraq avtomobillər üçün parklanma meydançaları yaradılıb. Şəhərimizin hansı hissəsində bu kimi qanunsuz hallar müşahidə ediləcəksə, onlarla bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək. Səkilərdə yaradılan parklanma yerləri söküləcək, səkilər bərpa olunaraq şəhərimizin sakinlərinin istifadəsinə veriləcək”.
İcra Hakimiyyətindən bildirilib ki, artıq şəhərin bir neçə hissəsində sakilərin qanunsuz olaraq zəbt olunması və yerlərində parklanma meydançalarının yaradılması halları aşkar olunub. Bununla əlaqədar tədbirlər görülüb və səkilər bərpa olunub.
(c)Qafqazinfo