BİZNES

06 İyul

Azərbaycan-Türkiyə əməkdaşlığına həsr olunmuş Caspian Energy Forumun xüsusi sessiyası keçirilib

 Azərbaycan-Türkiyə əməkdaşlığına həsr olunmuş Caspian Energy Forumun xüsusi sessiyası keçirilib.

Tədbirdə çıxış edən “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev sessiyanın əhəmiyyətinə toxunaraq bildirib ki, bu gün keçirilən görüşdə əsas məqsəd Azərbaycan və Türkiyə sahibkarlarına dəstək olmaqdır.

"Fins.az" xəbər verir ki,son illər Azərbaycan ilə Türkiyə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. İki qardaş ölkə arasında ticarət dövriyyəsi artmışdır. Bugünkü xüsusi sessiyada ATİB, TÜİB  və “Caspian Energy Club” arasında memorandum imzalanacaq. Memorandum çərçivəsində Caspian Energy Forumu artıq Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Avropa Birliyi ölkələri arasında sahibkarların birgə forumuna çevriləcək.

Sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bugunki tədbirin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, dünyanın geosiyasi dəyişikliyinə uyğun Türkiyə-Azərbaycan münasibətlərinin səviyyəsi Türk Dövlətlər Təşkilatına örnəkdir.

Onun sözlərinə görə, Qarabağ zəfərinin Türkiyə-Azərbaycan münasibətləri baxımdan, bölgə baxımdan mühüm əhəmiyyətə malikdir. Qarabağ zəfəri 44 gündə əldə edilib, Bakının azad edilməsi də 45 gün ərzində əldə edilib. C.Bağcı bildirib ki, 44 Azərbaycan tarixində simvolik rəqəmdir. Türkiyə və Azərbaycan geopolitik dəyişikliyi yaxşı bilir. Bu geopolitik dəyişikliyə uyğun bir əməkdaşlıq modeli inkişaf etdirilib.

Səfir həmçinin xatırladıb ki, 2021-ci ilin iyunun 15-də Qafqazın incisi olan Şuşada bəyannamə imzalanıb və siyasi iradə ortaya qoyulub. Bu bəyannamənin imzalanması ilə strateji əməkdaşlığımız artıq müttəfiqlik səviyyəsinə çatıb. Bu, sadəcə müdafiə , energetika sahələrində deyil, bütün sahələrdə əməkdaşlığımızın genişləndirməyimizin və dərinləşdirəcəyimizin iradəsidir. Bu sənəd hər iki ölkənin Milli Məclislərində təsdiq edilib. Bu sənəd bir təlimatdır ki, Türkiyə və Azərbaycan arasında münasibətlərinin hər sahədə genişləndirilməsi və dərinləşdirilməsinə töhfə vermək, əgər bu münasibətlərin önündə əngəllər varsa, əngəllərin aradan qaldırılması üçün işlərin aparılmasına dair bir təlimatdır".

Sonra çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev bildirib ki, iki ölkə arasında  ticarət əlaqələri durmadan inkişaf edir. 2022-ci ildə (yanvar-may ayları ərzində) ticarət dövriyyəsinin həcmi 2,45 milyard ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 % çoxdur.

Yusif Abdullayev diqqətə çatdırıb ki, Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət göstərmək üçün 1 200-dən çox müraciət daxil olub. Bu müraciətlər KOBİA vasitəsilə qəbul edilir: Müraciətlərdən 400-ə yaxını xarici ölkələrə məxsus təşkilatlardır. Onlardan da 100-ü Türkiyə şirkətləridir. İstərdim ki, bu rəqəm daha da artsın. Ölkələrimiz arasında ticarət əlaqələri də durmadan inkişaf edir.

AZPROMO rəhbəri xatırladıb ki, ötən il Azərbaycanın Türkiyəyə ixracı 12 % artaraq 4,7 milyard ABŞ dolları olub. Türkiyə şirkətləri bu vaxtadək 300-ə qədər dövlət layihələrində iştirak edib və onun həcmi 17 milyard ABŞ dollara çatıb.

Tədbir çərçivəsində Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyi (TÜİB) və “Caspian Energy Club” (CEC) arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu ATİB adından İdarə Heyətinin sədr müavini Mürsəl Rüstəmov, TÜİB tərəfindən İdarə Heyətinin sədri Hüseyn Böyükfırat, CEC adından Telman Əliyev imzalayıblar. 

Tədbirdə həmçinin memorandumda imzalanan qələmlər auksiona çıxarılıb. Satılan qələmlərdən əldə olunan məbləğ YAŞAT Fonduna ianə ediləcək.

Tədbir "Azərbaycan və Türkiyə şirkətlərinin regionların inkişafında rolu" və  "Azərbaycan və Türkiyə sahibkarlarının beynəlxalq arenada əməkdaşlığı" mövzularında öz işini davam etdirib.