BİZNES

06 İyul

DVX transfer qiymətləndirmə məqsədləri üçün iqtisadi sahələr üzrə marja məlumat bazası yaradacaq

Dövlət Vergi Xidməti (DVX) transfer qiymətlərinin müəyyənləşdirilməsi və tətbiqi ilə bağlı qaydalar hazırlayır.

"Fins.az" xəbər verir ki, bunu DVX-nin Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsinin rəisi Orxan Musayev deyib.

“Ölkəmizdə vergi ödəyiciləri tərəfindən könüllü qaydada açıqlanan nəzarət olunan əməliyyatların məbləği hər il 2 milyard manatdan çoxdur. Buna görə də hər il transfer qiymətləndirmə ilə bağlı vergi nəzarəti tədbirlərinin aparılması üçün müvafiq risk meyarları əsasında yüksək, orta və aşağı riskli vergi ödəyiciləri müəyyənləşdirilir”, - deyə o, “Vergilər” qəzetinə müsahibəsində bildirib.

O.Musayev əlavə edib ki, transfer qiymətləri ilə bağlı yaxın gələcəkdə beynəlxalq məlumat bazalarından istifadənin genişləndirilməsi, transfer qiymətləndirmə məqsədləri üçün iqtisadi sahələr üzrə daxili qiymət (marja) məlumat bazasının yaradılması nəzərdə tutulur. “Bundan başqa, uçot-məlumat bazasının və risk meyarları əsasında avtomatlaşdırılmış risk-təhlil sisteminin təkmilləşdirilməsi, maliyyə əməliyyatları, qeyri-maddi aktivlərin alışı-satışı, aşağı dəyərli xidmətlərdə transfer qiymətləndirmə yanaşmalarının tətbiqi və transfer qiymətləri üzrə birgə yoxlamaların aparılması kimi tədbirlərimiz gözlənilir”, - deyə İdarə rəisi qeyd edib