BİZNES

01 İyul

“Bakı Ayaqqabı fabriki”-nə mediatur təşkil edilib 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə iyunun 30-da “Bakı Ayaqqabı fabriki” Açıq Səhmdar Cəmiyyətinə mediatur təşkil edilib.

"Fins.az" xəbər verir ki, tədbirin məqsədi media vasitəsilə sahibkarları və ictimaiyyəti müəssisə haqqında məlumatlandırması, potensial investorların cəlb edilməsidir.

İlk olaraq KİV nümayəndələri müəssisədə istehsal prosesi ilə tanış olublar. Media mənsublarına texnoloji avadanlıq, istehsal olunan məhsul, istifadə olunan xammal və materiallar, sifarişçilər, müəssisənin özəlləşdirilmə perspektivi barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin bir sıra müəssisə və obyektləri özəlləşdirməyə açılıb və bunlardan biri də “Bakı Ayaqqabı fabriki”dir. Sərəncamın icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəssisənin özəlləşdirməyə hazırlanması istiqamətində işlər görülüb, mövcud qanunvericiliyə uyğun olaraq müəssisədə özəlləşdirmə komissiyası yaradılıb, inventarlaşdırma işləri təşkil edilib, “Bakı Ayaqqabı fabriki” ASC təsis olunub və investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi qərara alınıb. Müstəqil qiymətləndirici şirkətin iştirakı ilə müəssisənin nizamnamə kapitalı müəyyən olunub və 7 milyon 852 min manat olmaqla, hər birinin nominalı 2 manat olan 3 milyon 926 min səhmə bölünüb.

Dövlət Xidməti potensial investorları özəlləşdirmədə iştiraka dəvət edir. İnvestorlar daha ətraflı məlumat əldə etmək üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edə bilərlər.

Qeyd edək ki, “Bakı Ayaqqabı fabriki” ASC-nin investisiya müsabiqəsinə çıxarılması barədə elan 30 gün əvvəl Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək.