BİZNES

21 İyun

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımaların həcmi 11% artıb

2022-ci ilin yanvar-aprel aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 15 milyon 124,6 min ton təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.

"Fins.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat yayımlayıb.

Hesabat dövründə yüklərin 4 milyon 949,7 min tonu və ya 32,7%-i dəmir yolu nəqliyyatı (artım 11,6%), 8 milyon 362,3 min tonu və ya 55,3%-i avtomobil nəqliyyatı (artım 10,3%), 1 milyon 812,6 min tonu və ya 12%-i dəniz nəqliyyatı (artım 12,8%) ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 25,5%-ni və ya 3 milyon 863,1 min tonunu tranzit yüklər (artım 19,6%) təşkil edib.

Xəbər verildiyi kimi, 2021-ci ildə TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 39 milyon 627,4 min ton (artım 3%) olub.

Bu dövrdə dəhliz vasitəsilə daşınmış yüklərin 22,3%-ni və ya 8 milyon 826,3 min tonunu (artım 5,3%) tranzit yüklər təşkil edib.

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.

Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.*