BİZNES

12 May

Sankt-Peterburqla əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib.

"Fins.az"xəbər verir ki, videokonfrans formatında keçirilən iclasda Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsinin sədri Yevgeni Qriqoryev, eləcə də hər iki tərəfdən Komissiyada təmsil olunan müvafiq qurumların nümayəndələri iştirak ediblər.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev dost və qonşu olan ölkələrimiz arasında ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb. Qeyd edilib ki, Rusiyanın regionları ilə, o cümlədən Sankt-Peterburqla işgüzar münasibətlər genişlənir. Azərbaycan-Rusiya tərəfdaşlığının inkişafında yüksək səviyyəli səfərlərin, keçirilən görüşlərin önəmini diqqətə çatdıran Elnur Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019 və 2021-ci illərdə MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən görüşlərində iştirakını, aparılan müzakirələrin ikitərfli əməkdaşlığın genişlənməsində xüsusi rolunu vurğulayıb. Bildirilib ki, Sankt-Peterburqla sənaye, ticarət, investisiya, innovasiya, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər vardır. Qeyd olunub ki, işğaldan azad  edilmiş ərazilərdə aparılan quruculuq işlərinə Rusiya şirkətlərinin böyük maraq göstərməsi ölkəmizdə məmnunluqla qarşılanır.

Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsinin sədri Yevgeni Qriqoryev Azərbaycanla əməkdaşlığın əhəmiyyətini vurğulayıb, iqtisadi əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, bir sıra sahələrdə, xüsusilə ticarət, mədəniyyət və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.

Tərəflər ikitərəfli əlaqələrin dərinləşdirilməsi üçün görülən işlər barədə fikir mübadiləsi aparıb, iqtisadi-ticarət, innovasiya, KOB, kənd təsərrüfatı, humanitar, səhiyyə, turizm və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.