BİZNES

06 May

Şəmkir rayonunun sakinlərini və qonaqlarını “KOB Fest”ə dəvət edirik

Mayın 8-də Şəmkir rayonunda KOB Fest sərgi-satış yarmarkası təşkil olunacaq.

"Fins.az" xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Şəmkir sakinlərini və rayonun qonaqlarını yarmarkaya dəvət edir.  

 Yarmarkada KOB subyektlərinin istehsal etdikləri qida və qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri, eləcə də KOB-lar tərəfindən göstərilən xidmətlər təqdim ediləcək. KOB Fest çərçivəsində həmçinin, sahibkarlar arasında “B2B” görüşlər keçiriləcək, biznes xidmətlər göstəriləcək, eləcə də mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klasslar təşkil olunacaqdır. 

“KOB Fest”in təşkilində məqsəd rayonda KOB subyektləri tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsidir. 

Şəmkir rayonunda Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunacaq KOB Fest sərgi-satış yarmarkası saat 10:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaqdır.