BİZNES

14 Oktyabr

Orxan Məmmədov: KOB-ların satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi üçün KOBİA yeni mexanizm üzərində işləyir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun "Fins.az"-a müsahibəsini təqdim edirik.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarlıq subyektlərinə bir sıra dəstək və xidmətlər göstərilir. Belə dəstək alətlərindən biri də daxili bazar araşdırması mexanizmidir. Agentlik tərəfindən indiyədək hansı sahələrdə daxili bazar araşdırması aparılıb?

Sahibkarların, xüsusilə də mikro, kiçik və orta biznes (KOB) subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması üçün daxili bazar araşdırmasının aparılmasına dövlət dəstəyi göstərilir. Bu dəstək KOBİA tərəfindən təmin edilir. Belə ki, Agentlik tərəfindən daxili bazar araşdırmasının aparılması üçün KOB-lara informasiya və maliyyə dəstəyi göstərilir. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilərlər. Ümumilikdə hər bir daxili bazar araşdırmasının aparılmasına görə KOB subyektlərinə ödənilən dəstək məbləği 20 min manata qədərdir. KOB subyektləri ehtiyaclarına uyğun daxili bazar araşdırmasının aparılması üçün KOBİA-nın internet saytındakı müvafiq ərizə formasını doldurmaqla Agentliyə birbaşa və ya elektron formada müraciət edə bilərlər.

İndiyədək sahibkarların müraciəti əsasında iqtisadiyyatın müxtəlif sahələri üzrə 12 daxili bazar araşdırması aparılaraq nəticələri hesabat şəklində onlara təqdim edilib. Daxili bazar araşdırması mexanizmindən faydalanmış sahibkarlıq subyektləri tərəfindən Bakı şəhərində ağıllı ev və bina avtomatlaşdırması sahəsində istifadə olunan avadanlıqların, Mingəçevir şəhərində isə termal kağız və yapışqan stiker kağızların istehsalına başlanılıb. Hazırda sahibkarların müraciəti, KOBİA-nın sifarişi əsasında məsləhətçi şirkətlər tərəfindən daha 4 sahə üzrə daxili bazar araşdırması aparılmaqdadır.

Sahibkarların müraciəti əsasında aparılan bazar araşdırmaları ilə yanaşı, KOBİA-nın təşəbbüsü ilə də daxili bazar araşdırmaları həyata keçirilir. Bugünədək optik eynəklər, boya, daşınar soyuducu anbarlar, tekstil fabriki, məişət tullantıları konteynerləri, reklam vasitələri, avtokimya xidməti və məhsulları, özəl və korporativ geyimlər, minik və yük avtomobillərində yağdəyişmə sahələrində 9 daxili bazar araşdırması aparılıb. Sahibkarlar Agentliyin təşəbbüsü ilə həyata keçirilmiş bazar araşdırmaları ilə KOBİA-nın www.smb.gov.az saytından tanış ola və bu araşdırmalardan yeni biznesin qurulması, fəaliyyətlərini genişləndirmək, yeni məhsul istehsalı üçün istifadə edə bilərlər. 

KOBİA tərəfindən KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək sahələrində layihələri maliyyələşdirilir. Növbəti qrant müsabiqəsi nə zaman keçiriləcək?

KOB subyektlərinə dəstək məqsədilə Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarına uyğun olaraq, onların təhsil, elm, tədqiqat və dəstək layihələri maliyyələşdirilir. Bu dəstək KOBİA tərəfindən il ərzində iki dəfədən az olmayaraq təşkil edilən müsabiqələr vasitəsilə həyata keçirilir. Artıq ilk müsabiqə bu il keçirilib və müvafiq istiqamətlər üzrə 15 layihə maliyyələşdirilib. Layihələr yanacağa qənaət, müxtəlif qurğuların və proqram təminatının hazırlanması, təkrar emal, tullantısız istehsal, beynəlxalq sertifikatların və patentlərin alınması, qadınların məşğulluğunun təmin edilməsi istiqamətlərini əhatə edir. Hər layihənin ayrı-ayrılıqda maliyyələşdirilməsi üçün minimum 14 min, maksimum 20 min manat həcmində vəsait ayrılıb. Agentlik layihələrin davamlı və KOB sektoru üçün faydalı olmasında, eləcə də mexanizmin səmərəli dəstək tədbiri kimi inkişafında maraqlıdır. KOBİA tərəfindən layihələrin icrasına və ödənilən vəsaitin təyinatı üzrə istifadə edilməsinə nəzarət olunur, şəffaflığın və hesabatlığın təmin edilməsi məqsədilə monitorinqlər aparılır. Növbəti müsabiqənin 2021-ci ilin 2-ci yarısında təşkil edilməsi nəzərdə tutulur.

İndiyədək neçə sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib?

Startap ekosisteminin inkişafı istiqamətində tədbirlər davam etdirilir, bu məqsədlə bir sıra layihələr və dəstək alətləri nəzərdən keçirilir. Bu ilin may ayından etibarən KOBİA tərəfindən mikro və kiçik sahibkarlıq subyektlərinə “Startap” şəhadətnaməsinin verilməsinə başlanılıb. “Startap” şəhadətnaməsini alan mikro və kiçik sahibkarlıq subyektləri bu sənədi aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir. Şəhadətnamə startaplara vergi güzəşti verməklə yanaşı, həm də əldə etdiyi gəliri layihənin təkmilləşdirilməsinə və inkişafına yönəltməyə imkan yaradır. “Startap” şəhadətnaməsi həmçinin, startapa yerli və xarici investorların marağını artırır, xarici bazarlara çıxışı asanlaşdırır. İndiyədək KOBİA tərəfindən 19 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. “Startap” şəhadətnaməsini almış layihələr aqrar sektorda innovativ istehsal qurğusu, maliyyə texnologiyaları, logistika, sığorta xidməti, elektron ticarət və innovativ həlləri özündə ehtiva edən onlayn platformalar kimi sahələri əhatə edir. Hazırda Agentliyə “Startap” şəhadətnamələrinin alınması ilə bağlı müraciətlər davam etməkdədir. Layihələrin qiymətləndirilməsi üçün ayda bir dəfədən az olmayaraq KOBİA-da Ekspertlər Şurasının iclası təşkil olunur və iclasın rəyinə uyğun olaraq qərar qəbul edilmiş müraciətlərin nəticələri barədə məlumatlar ictimaiyyətə çatdırılır.

KOB-lara göstərilən xidmətlərin yaxşılaşdırılması, biznes sahəsində biliklərinin və məlumatlığının artırılması üçün hansı dəstək mexanizmləri tətbiq olunur?

Sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması və effektivliyinin artırılması, bu sahədə operativliyin və rahatlığın təmin olunması baxımdan KOB evləri unikal modellərdəndir. Sahibkarlar üçün dövlət-biznes (G2B) və zəruri biznes-biznes (B2B) xidmətlərinin vahid məkanda göstərildiyi KOB evləri hazırda Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərir. KOBİA-nın strukturuna daxil olan KOB evlərində sahibkarlara vergi, əmlak, kommunal xidmətlərə qoşulma, qida təhlükəsizliyi, kənd təsərrüfatı, reklam, poçt, mənşə sertifikatının, lisenziya və icazələrin alınması üzrə dövlət xidmətləri, eləcə də özəl sektor tərəfindən bank, sığorta, lizinq, tərcümə, layihələndirmə kimi zəruri biznes xidmətləri göstərilir. Ümumilikdə Xaçmaz və Yevlax KOB evlərinin hər birində sahibkarlara 20-yə yaxın dövlət və özəl qurumlar tərəfindən 200-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir. Sahibkarlara təqdim edilən xidmətlərdən məmnunluq səviyyəsinin ölçülməsi elektron sistem vasitəsilə monitorinq olunur. 

Bu ilin yanvar-sentyabr aylarında Xaçmaz və Yevlax KOB evlərində dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərdən 29500-ə yaxın sahibkar istifadə edib. KOB evlərində göstərilmiş xidmətlərin 27031-i G2B və 2412-si B2B xidmətlərdir. Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir.

Biznes subyektlərinin və öz biznesini qurmaq istəyən potensial sahibkarların bilik və bacarıqlarının, məlumatlıq səviyyəsinin artırılması üçün KOB inkişaf mərkəzləri (KOBİM-lər) yaradılıb. KOBİA-nın strukturuna daxil olan 20-yə yaxın KOBİM sahibkarlara biznesyönümlü təlim və məsləhət xidmətləri göstərir, KOB-ların şəbəkələşməsinə, biznes üçün mövcud dövlət dəstəyi mexanizmləri, eləcə də KOBİA-nın dəstək alətləri barədə məlumatlandırmaya dəstəyi təmin edir.

2021-ci ilin yanvar-sentyabr ayları ərzində KOBİM-lər tərəfindən əyani və onlayn formatda olmaqla 1077 təlim keçirilib ki, bu təlimlərdən 14500-dən çox KOB subyekti, biznesə başlamaq istəyən şəxslər və startaplar yararlanıb. Bu dövrdə 1200-dən çox sahibkarlıq subyektinə məsləhət xidməti göstərilib. Müxtəlif bölgələrdə sahibkarlıq fəaliyyətinə maraq göstərən və bu istiqamətdə məsləhət xidməti və təlimlərə ehtiyacı olan potensial sahibkarlar, o cümlədən qadınlar, biznes ideyası olan gənclər və ailə biznesini qurmaq istəyənlər, eləcə də bizneslərini inkişaf etdirmək istəyən KOB-lar mərkəzlərin dəstək və xidmətlərindən yararlana bilərlər. KOB inkişaf mərkəzləri tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Bu yaxınlarda KOB-lar üçün daha bir dəstək mexanizmi – video təlim platforması istifadəyə verildi.

Video təlim platfoması sahibkarların təlim-tədris imkanlarının genişləndirilməsi və biznes sahəsində qabaqcıl təcrübənin tətbiqinin sürətləndirilməsi məqsədilə innovativ yanaşma və müasir təcrübə nəzərə alınmaqla yaradılıb. Platforma sahibkarların və biznesə başlamaq istəyən şəxslərin vaxtına və xərclərinə qənaət etməyə, istənilən yerdə peşəkar təlimçilərin təlimlərindən yararlanmağa imkan verəcəkdir. Hazırda platformada biznesə başla, “soft skills”, korporativ hüquq, layihə idarəetməsi, maliyyə, satış, marketinq, turizm, ixrac prosesinin təşkili istiqamətləri üzrə 180 təlim videosu, mövzuların təqdimatları və özünüqiymətləndirmə testləri yerləşdirilib. KOB-lar, startaplar və biznesə başlamaq istəyən şəxslər www.kobim.az saytında qeydiyyatdan keçməklə ödənişsiz olaraq video təlimlərdən yararlana, qazandıqları bilikləri özünüqiymətləndirmə testləri vasitəsilə yoxlaya bilərlər. Sahibkarların ehtiyacları nəzərə alınmaqla platformanın mütəmadi olaraq yenilənməsi, yeni təlim videolarının yerləşdirilməsi nəzərdə tutulur.

www.kobmarket.az onlayn ticarət portalı hansı zərurətdən yarandı? Platformanın fəaliyyəti necə tənzimlənir və gələcəkdə hansı yeniliklərin tətbiqi planlaşdırılır?

Müasir dövrdə elektron platformalar sahibkarların bazarlara çıxış imkanlarını genişləndirməklə, satışın artmasına dəstək olur. Onlayn satış platformaları elektron ticarətin inkişafına, KOB-ların və istehlakçıların rəqəmsallaşdırılması prosesinin sürətləndirilməsinə, eləcə də nağdsız ödənişlərin artırılmasına da müsbət təsir edir.

www.kobmarket.az portalı KOBİA-nın dəstəyi ilə sahibkarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin satış imkanlarını genişləndirmək məqsədilə yaradılıb. Artıq portalda qeydiyyatdan keçmiş sahibkarlar tərəfindən 90-dan çox onlayn mağaza yaradılıb və 1500-ə yaxın məhsul yerləşdirilib.

Portalda onlayn mağaza açmaq üçün sadə qeydiyyat prosesi mövcuddur ki, bu da sahibkarlara qısa müddət ərzində portalda onlayn mağaza açaraq məhsullarını yerləşdirməklə, satış imkanlarını genişləndirməyə imkan verir. Sahibkar satışa dair zəruri məlumatları hesabat şəklində portaldan əldə edə bilir. Portalda istifadəçilər üçün vahid ödəniş sistemindən və çatdırılma xidmətlərindən istifadə imkanı yaradılıb.

Hazırda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin www.kobmarket.az elektron ticarət platformasından daha geniş yararlanması üçün təşviq tədbirləri davam etdirilir. Sözügedən portalda sahibkar və müştəri məmnuniyyəti əsas prinsip kimi nəzərə alınaraq müasir elektron həllərin tətbiqi istiqamətində yeniliklərin əlavə edilməsi, platforma üzərindən satışın əhatə dairəsinin genişləndirilməsi ilə bağlı işlər aparılır. Məhsullarla yanaşı, xidmətlərin də portalda yerləşdirilməsi üçün  müvafiq tədbirlər görülür.  

 “KOB Dostu” mexanizmi də sahibkarlar tərəfindən maraqla qarşılanır.

“KOB Dostu” mexanizmi Agentliyin effektiv dəstək alətlərindən biridir. Sahibkarın dostu olmaq missiyasını uğurla həyata keçirən KOB dostlarına sahibkarlar arasında maraq da böyükdür. KOB dostları sahibkarların maraqlarının müdafiəsi, onların maarifləndirilməsi və investisiya təşəbbüslərinin reallaşdırılması üçün yerində dəstək və xidmətlər göstərir. KOB dostları fəaliyyət göstərdikləri şəhər və rayonlarda yeni KOB-ların yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini yerində təmin edir, bu məqsədlə informasiya, məsləhət, hüquqi yardım, dövlət və özəl qurumlarla əlaqələndirmə, mövcud maliyyə resurslarına və bazarlara çıxış və s. çərçivəsində sahibkarlara zəruri dəstək göstərir. KOB dostları həmçinin, sahibkarların inkişaf ehtiyaclarını və təkliflərini sorğular vasitəsilə öyrənir, KOB-larla dövlət-özəl sektor əməkdaşlığı platforması çərçivəsində mütəmadi sahəvi görüşlər keçirir. Hazırda ölkə regionları üzrə 26 şəhər və rayon üzrə 36 KOB dostu ofisi fəaliyyət göstərir.

KOB-lar üçün yaxın zamanda daha hansı yeniliklər və dəstək tədbirləri gözlənilir?

Müasir dövrün inkişaf tendensiyasına uyğun olaraq, hazırda sahibkarlığın rəqəmsallaşdırılması, satış bazarlarına və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq işlər həyata keçirilməkdədir. Eyni zamanda KOB-lar üçün uğurlu dəstək mexanizmi kimi hazırda tətbiq edilən KOB evlərinin və KOB dostu şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi, KOB-ların biznes sahəsində bilik və bacarıqlarının artırılması, satış imkanlarının genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi Agentliyin strateji fəaliyyət gündəliyinin əsas elementlərindəndir.