BİZNES

06 Aprel

Məhsulların qiymətində 11,0% artım

Veysəloğlu Şirkətlər Qrupu ona aid marketlərdə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə 2022-ci il mart ayının qiymət indeksini açıqlayıb.

"Fins.az"xəbər verir ki, “Veysəloğlu Pərakəndə İndeksi”nə görə, 2022-ci ilin mart ayı üzrə müştərilərin ən çox aldığı məhsulların qiymətində keçən ilin mart ayına nisbətən 11,0% artım müşahidə edilib. Belə ki, tez köhnələn qida məhsullarının qiymətində keçən ilin mart ayına nisbətən 10,7% artım, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 13,3% artım, spirtli içkilər və tütün məmulatlarının qiymətində isə 6,5% artım izlənilib.

“Veysəloğlu Pərakəndə İndeksi” müştərilərə aylıq məhsul alışı üçün büdcə planlamalarında dəstək məqsədini daşıyır. İndeks son 24 ay ərzində Şirkətlər Qrupunun müştərilərinin ən çox aldığı məhsulların ümumi qiymət səviyyəsinin dəyişməsini göstərərək 108,9% təşkil edib. Nəticə etibarilə nəzərdən keçirilən dövr ərzində ortalama 8,9% qiymət artımı müşahidə olunub. Qeyd edək ki, indeks inflyasiyanın göstəricisi deyil.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) istehsaldan distribusiyaya, logistikaya, supermarket şəbəkələri vasitəsilə müştərilərlə birbaşa qarşılıqlı əlaqəyə qədər tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən qabaqcıl və çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. VŞQ səmimiyyətlə inanır ki, qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığı təkcə ictimai müzakirələr üçün trend olan mövzular deyil, əksinə, ölkənin iqtisadi inkişafı üçün yeganə əlverişli yoldur.

Aylar üzrə ümumi qiymət dəyişikliyi: