BİZNES

17 Sentyabr

İnnovasiyalar Agentliyi Azərbaycan Sənaye Korporasiyası ilə əməkdaşlığa başlayır

İnnovasiyalar Agentliyi startap layihələrinin dəstəklənməsi üzrə Azərbaycan Sənaye Korporasiyası ilə əməkdaşlığa başlayır

Fins.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Agentliyi və “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti ölkədə əlverişli ekosistemin inkişafı, o cümlədən yeni ideyaların yaradılması və innovativ sahibkarlığın təşviqi məqsədilə startap layihələrinə birbaşa dəstək göstərmək sahəsində razılıq əldə edib.

İki qurumun yeni əməkdaşlıq müstəvisi startaplar üçün yeni imkanlar açır. Belə ki, İnnovasiyalar Agentliyinin "ABCDE" təsnifatlaşdırma prosesindən keçmiş və sənaye, kənd təsərrüfatı, xidmət sahələri üzrə ixtisaslaşmış startaplar innovativ layihələrini “Azərbaycan Sənaye Korporasiyası”nın regionlardakı müvafiq istehsalat sahələrində təcrübə edərək sınaqdan keçirə biləcəklər.

Fəaliyyət planına əsasən birgə təlim və proqramların keçirilməsi, startap layihələrinin kommersiyalaşma səviyyəsinə çatdırılması, faydalı və texnoloji məlumatların açıq mübadiləsinin həyata keçirilməsi üçün məlumat bazasının yaradılması da əməkdaşlığın prioritet məqsədlərindəndir.