BİZNES

20 Avqust

Vodafone Ukrayna-ya Vega  qrupunun nəzarət paketini almağa İCAZƏ VERİLİB

Ukraynanın Antiinhisar Komitəsi “Vodafone Ukrayna” mobil operatoruna (“VF Ukraine”, keçmiş “MTS-Ukrayna”) “Vega” (Farlep-Invest) telekommunikasiya qrupunun nəzarət paketini satın almağa icazə verib.

Fins.az komitənin yaydığı məlumata istinadən xəbər verir ki, iştirakçıların cəlb olunan regional bazarların  tərkibində  ümumi payları 11%-dən çox deyil. Planlaşdırılan tərkibdəki satıcı, “Ukrtelecom”un da daxil olduğu SCM qrupudur. Eyni zamanda, "Farlep-Invest" və "Ukrtelecom" arasındakı nəzarət əlaqəsi konsentrasiyadan sonra kəsiləcək.

Məlumata görə,komitə qərar verərkən, “Farlep-Invest”də mövcud olan radio tezlik resursunu və “VF Ukrayna” tərəfindən onun istifadə olunma ehtimalını araşdırıb.Məlum olub ki, konsentrasiya başa çatdıqdan sonra “VF Ukraine” avtomatik olaraq tezliklərini “Farlep-Invest” ilə birləşdirib 4G texnologiyasının tətbiqi üçün istifadə edə bilməyəcək. Belə ki, bu, müvafiq radio tezlik lisenziyalarının yenidən verilməsini, əhəmiyyətli kapital qoyuluşlarını və yeni radio şəbəkəsinin inşasını tələb edir.

Komitə həmçinin, konsentrasiyanın həyata keçirilməsinin birləşdirilmiş telekommunikasiya xidmətlərinin inkişafına, mövcud xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, müvafiq radio şəbəkəsinin əhatə dairəsinin və məlumat ötürmə sürətinin artmasına kömək edəcəyini nəzərə aldı. Elan olunan konsentrasiyanın Ukraynanın əmtəə bazarlarında inhisarlaşmaya və ciddi məhdudiyyətə səbəb olmayacağını nəzərə alaraq Komitə tərəfindən müvafiq icazə verilib.

Xatırladaq ki, 3 dekabr 2019-cu il tarixində Azərbaycanın “NEQSOL Holding”i 734 mln. ABŞ dollara MTS telekommunikasiya şirkətindən “Vodafone Ukraine” mobil operatorunun satın alınmasını başa çatdırdı. “Vega”, SCM qrupunun hissəsi olaraq sabit telefoniya və genişzolaqlı internet xidmətləri sahəsində ixtisaslaşıb. “Vega” telekommunikasiya qrupunun əməliyyat idarəçiliyi “Farlep-Invest” tərəfindən həyata keçirilir.