BİZNES

06 Avqust

Azərbaycan 500 ASAN Startap Proqramı-nın  iştirakçıları ilə GÖRÜŞ

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov “Azərbaycan 500 ASAN Startap Proqramı”nın yekun mərhələsinə keçmiş 10 startap komandası ilə görüşüb.

Fins.az xəbər verir ki, görüşdə “Tinyworks”, “Uniquality”, “Medicall”, “Skaut”, “Taskilled”, “ReTripStore”, “Rihand”, “Talant.az”, “E-Book platform” və “QMS”  startaplarının komanda üzvləri iştirak ediblər.

 Ceyhun Salmanov  ölkəmizdə gənclərin inkişafına şərait yaradan innovasiya ekosisteminin və infrastrukturunun formalaşdırılması istiqamətində görülən tədbirlərdən danışıb və potensial startap qurucuları arasında innovativ sahibkarlığa həvəs və implus yaradan “Azərbaycan 500 ASAN Startap Proqramı”nın bu sahədə önəmli rolunu vurğulayıb.

Komanda üzvləri “Azərbaycan 500 ASAN Startap Proqramı” çərçivəsində qurulan startapları haqqında və prototiplərin hazırlanmasının gedişatı haqqında məlumat veriblər. Görüşdə, həmçinin iştirakçıların öz startaplarının inkişafı ilə bağlı fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb. 

Yaxın zamanda təşkil olunacaq nümayiş günündə proqramın yekun mərhələsində iştirak edən 10 startap layihələrini geniş ictimaiyyətə, o cümlədən, potensial investorlara  təqdim etmək imkanı qazanıb.

Xatırladaq ki, “Azərbaycan 500 ASAN Startap Proqramı” Dövlət Agentliyi ilə “500 Startups” qlobal vençur kapitalı şirkəti ilə əməkdaşlıq çərçivəsində “PAŞA Holdinq”in dəstəyi ilə həyata keçirilir. “Azərbaycan 500 ASAN Startap Proqramı”nın əsas məqsədi ölkəmizdə startap və innovasiya ekosisteminin inkişafını sürətləndirmək, ölkəmizdə potensial startap qurucuları arasında innovativ sahibkarlığa həvəs və implus yaratmağa kömək etmək və yerli startapların qlobal bazara və xarici investorlara çıxışına imkanları genişləndirməkdir.