BİZNES

17 İyul

Bitki yağlarının bahalaşması Azərbaycandan 40 milyon dollar daha çox valyuta çıxmasına səbəb olub

Dünya bazarında bitki yağlarının bahalaşması Azərbaycana bu məhsulun idxalında statistik dəyərin artmasına səbəb olub.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin ilk 6 ayı ərzində (yanvar-iyun) Azərbaycana 117 milyon 566 min dollar dəyərində 85 min 410 ton bitki mənşəli yağlar (palma, qarğıdalı, günəbaxan yağları və s.) idxal edilib. Müqayisə üçün qeyd edə ki, 2020-ci ilin ilk 6 ayında Azərbaycana 77 milyon 408 min dollar dəyərində 84 min 126 ton bitki mənşəli yağlar idxal edilmişdi. Beləliklə, bitki mənşəli yağların idxalı miqdar baxımdan cüzi, statistik dəyər baxımdan isə 40 milyon 158 min dollar və ya 52% artıb.

Qeyd edək ki, FAO Bitki mənşəli Yağ Qiymət İndeksi son 12 ayda 82% artıb. Dünya bazarlarında bitki yağları istehsalın gözləniləndən daha aşağı olacağı narahatlıqları və tələbin artması ilə əlaqədar olaraq bahalaşırlar.