BİZNES

14 İyul

Azərbaycana Rusiya biznes missiyasının təşkilinin müzakirəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının baş nazirinin müavini Aleksey Overçuk iyulun 13-də Bakıda Azərbaycana Rusiya biznes missiyasının təşkili məsələlərini müzakirə ediblər.

“İyulun 13-də baş nazirin müavini Aleksey Overçukun Azərbaycana işgüzar səfəri baş tutub. Səfər çərçivəsində Overçuk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Görüşdə nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq da daxil olmaqla, ikitərəfli ticarət və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə edilib”, - deyə RF hökumətinin saytında bildirilir.

İqtisadi əlaqələrin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasına Rusiya biznes missiyasının təşkili məsələləri müzakirə olunub. “Bərpa olunan enerji, ekologiya, su ehtiyatlarından istifadə, nəqliyyat infrastrukturunun inkişafı sahəsində əməkdaşlığa xüsusi maraq göstərilir”, - deyə məlumatda qeyd olunur.

Həmçinin Azərbaycan-Rusiya sərhədində sərhəd-keçid məntəqələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı məsələlər və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunub.

“Bundan əlavə, Azərbaycan Respublikası, Ermənistan Respublikası baş nazirlərinin müavinləri və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə sədrliyi ilə üçtərəfli İşçi Qrupun fəaliyyəti ilə bağlı məsələlərə də toxunulub”, - deyə məlumatda bildirilir.