"Bizim 4G şəbəkəsi 5G-yə hazırdır. Onu 5G-yə uyğun təkmilləşdirmək ciddi səy tələb etmir. Müştəri tələbi yarandıqda, bunu dərhal həyata keçirəcəyik".
Fins.az xəbər verir ki, bunu "Nar" mobil operatorunun baş direktoru Qunnar Panke bildirib.
Şirkətin Baş direktoru qeyd edib ki,hazırda müştərilər onların tələblərinə cavab verən internet sürətindən razıdırlar: "5G texnologiyası aktuallaşdıqda, xüsusilə biznesin yeni texnologiyaya konkret ehtiyaclarının yarandığı ərazilərdə biz bu texnologiyanı qısa zamanda təqdim edə bilərik. 5G sadəcə düzgün zamanlama məsələsidir".
Qunnar Panke-ın sözlərinə görə, hazırda "Nar"ın 2G, 3G və 4G texnologiyası ilə çalışan 8760-dan çox baza stansiyası var: "Bu baza stansiyaları ölkə ərazisinin 88.8%-ni, əhalinin isə 99.9%-ni əhatə edir. 1.1 milyondan çox insan bizim 4G xidmətlərindən istifadə edir. Bu nəticə bizi sevindirir, çünki bu göstəriciyə görə ölkənin ən böyük operatorlarındanıq. Bundan əlavə, “Nar” işğaldan azad olunmuş rayonlarda öz şəbəkəsini istifadəyə verib. Belə ki, Xocavənd və Cəbrayılda, habelə Cıdır Düzü də daxil olmaqla, Şuşada 2G, 3G və 4G texnologiyası quraşdırılıb. Planımıza uyğun olaraq, digər rayonlarda, həmçinin azad olunmuş ərazilərdə ən müasir şəbəkənin təmin olunması məqsədilə əlavə baza stansiyaları quraşdıracağıq".