BİZNES

05 İyul

Bakı və Daşkənd  qarşılıqlı ticarətdə illik 500 milyon dollarlıq səviyyəyə çıxmağı planlaşdırır

Bakı və Daşkənd qarşılıqlı ticarət dövriyyəsinin illik həcmini $500 milyona qədər artırmağı planlaşdırır.

Məlumata görə, bu məsələ Özbəkistan baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Sardor Umurzakov ilə Azərbaycanın Daşkənddəki səfiri Hüseyn Quliyevin görüşündə müzakirə edilib.

“Danışıqlar zamanı tərəflər iki ölkə arasında əməkdaşlığın aktual gündəliyini, onun genişləndirilməsi perspektivlərini, habelə əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsini müzakirə ediblər”, - deyə İnvestisiyalar və Xarici Ticarət Nazirliyinin məlumatında bildirilir.

Tərəflər investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi üçün prioritetləri müəyyən ediblər. Xüsusilə kənd təsərrüfatı, inşaat materialları və turizm sahələrində konkret layihələr nəzərdən keçirilib. Azərbaycan şirkətlərinin toxuculuq, dəri, ayaqqabı, zərgərlik və elektrotexnika sahələrində özbək istehsalçılarla istehsal kooperasiyasının yaradılmasına cəlb edilməsi istiqamətində işlərin gücləndirilməsi barədə razılıq əldə olunub.

“Qarşılıqlı ticarətin artırılması yolları müzakirə edilib. Qeyd edilib ki, iki ölkənin iqtisadiyyatı illik ticarət dövriyyəsinin ən yaxın zamanda $500 milyona qədər artırılması üçün hər cür şəraitə malikdir”, - deyə məlumatda qeyd olunur.

Tərəflər, həmçinin nəqliyyat və logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini də qeyd ediblər. Bununla bağlı iki ölkənin tranzit güclərinin və qarşılıqlı daşımaların artırılması ilə bağlı bir sıra məsələlər müzakirə edilib. Kənd təsərrüfatı məhsullarının emalı və ixracı üzrə birgə aqroklasterlərin yaradılması imkanları öyrənilib.

Xüsusilə bir sıra ikitərəfli tədbirlər, o cümlədən Özbəkistana yüksək səviyyədə səfər və Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri müzakirə olunub. Danışıqlar başa çatdıqdan sonra tərəflər əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi və təşviqi istiqamətində fəal əməkdaşlığa, eləcə də ikitərəfli tərəfdaşlığın genişləndirilməsinə sadiq olduqlarını bildiriblər”, - deyə məlumatda vurğulanır.*