BİZNES

02 İyul

«Xaricdəki səfirliklərə göstəriş verirəm, bu zona barədə investorlara məlumat versinlər»

Azərbaycanda bir ildən sonra fəliyyətə başlayacaq Ələt Azad İqtisadi Zonasına investorların cəlb edilməsində Azərbaycanın xaricdəki səfirlikləri və digər dövlət qurumları da iştirak edəcəklər.

Fins.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev bildirib.

Onun sözlərinə görə, iqtisadi zona artıq bir ildən sonra – gələn ilin iyulundan fəaliyyətə başlayacaq: «Artıq birinci görüləcək işlər planlaşdırıldı, 850 hektarın 60 hektarı artıq layihələndirildi, detallı, müfəssəl layihələndirmə işləri aparılmışdır. Bu gündən etibarən tikinti işləri başlanacaq, infrastruktur layihələri, biznes mərkəzi, gömrük-keçid məntəqəsi və lazım olan digər sahələrdə işlər görüləcək. Hesab edirəm ki, bir ildən sonra - gələn ilin iyul ayından başlayaraq, biz investorları qəbul etməyə hazır olacağıq».

Prezident bildirib ki, o vaxta qədər potensial investorlar üçün xaricdə və ölkə daxilində təqdimatlar keçiriləcək: «Təqdimatlar keçirilməlidir, potensial investorlarla birbaşa təmaslar qurulmalıdır. Eyni zamanda, Azad İqtisadi Zonanın nümayəndələri müxtəlif ölkələrə ezam olunacaq, həmçinin xaricdən potensial investorlar dəvət ediləcək».

Ələtə investorların cəlb edilməsi prosesində xaricdəki səfirliklər də aktiv işləməli olacaqlar: «Mən indi bizim bütün xarici ölkələrdəki səfirliklərə göstəriş verirəm ki, öz təmasları əsnasında bu zonanın yaradılması ilə bağlı potensial investorlara məlumat versinlər».

Ələt Azad İqtisadi zonası mövzusu Azərbaycanın xarici ölkələrlə hökumətlərarası komissiyalarının da işi olacaq: «Bizim bir çox ölkələrlə hökumətlərarası komissiyalarımız var. Bu komissiyaların rəhbərlərinə də tapşırıram ki, komissiyaların iclaslarının keçirilməsi zamanı Azad İqtisadi Zonanın nümayəndələri mütləq təmsil olunsunlar və bu mövzu mütləq gündəliyə salınsın».