BİZNES

01 İyul

Dövlət Komitəsi “Qədim Qarabağın yenilənən siması” müsabiqə proqramına start verib

Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun geniş tərkibli növbəti 15-ci iclasında Qarabağın dirçəldilməsi üzrə görülən kompleks planlaşdırma işlərinin davamı olaraq regionun bir neçə kənd və qəsəbələri üçün memarlıq planlaşdırma həlləri üzrə “Qədim Qarabağın yenilənən siması” adlı açıq müsabiqənin keçirilməsi barədə qərar qəbul olunub. 

Fins.az xəbər verir ki, aidiyyəti dövlət qurumlarının təmsil olunduğu işçi qrupun iclasını açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev işğaldan azad olunmuş ərazilərin bərpasının planlı və sistemli təşkili üçün Komitə tərəfindən Qarabağ regionunun şəhərsalma konsepsiyasının və ərazi-planlaşdırma sənədlərinin hazırlanması üzrə işlərin sürətlə və əlaqəli şəkildə davam etdirildiyini, bu məqsədlə bir sıra yerli və nüfuzlu beynəlxalq şirkətlərin cəlb edildiyini bildirilib.

Qeyd edilib ki, ötən müddət ərzində regionun Ümumi planının hazırlanması çərçivəsində şəhərlərin, bir çox kənd və qəsəbələrin sərhədləri dəqiqləşdirilmiş, müvafiq ərazi-planlaşdırma sənədlərinin işlənməsinə başlanılmışdır. Buna paralel olaraq, uzun illər işğal altında olmuş yaşayış məntəqələrinin, xüsusən də əhalinin böyük hissəsinin yaşadığı kənd ərazilərinin tarixinə əsaslanaraq gələcək simasının, memarlıq planlaşdırma həllərinin müəyyən edilməsi də mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunanları nəzərə alaraq, Qarabağın öz qədimliyini, tarixiliyini, memarlıq ənənələrini qoruyaraq yenidən canlandırmaq və burada milli ruhun müasir tələblərə cavab verən infrastrukturla vəhdətini təmin etmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Memarlar İttifaqı və “Bakı Abadlıq Xidməti” MMC ilə birgə təşkil olunan memarlıq planlaşdırma həlləri üzrə “Qədim Qarabağın yenilənən siması” adlı müsabiqə proqramına start verir.

Qarabağın bir sıra kənd və qəsəbələrini əhatə edəcək müsabiqə proqramının ilk mərhələsində təqdim olunan layihələrdə Ağdam rayonunun Sarıcanlı, Füzuli rayonunun Horadiz, Kəlbəcər rayonunun Zar, Laçın rayonunun Şəlvə və Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndlərində, həmçinin Cəbrayıl rayonunun Xudafərin qəsəbəsində yaşayış məskənlərinin gələcək sosial, iqtisadi, texnoloji inkişafının həlledici istiqamətləri, milli memarlıq ənənələrinə bağlılıq və müasir həllərin mümkün inteqrasiyası, yüksək bədii-estetik görünüşün və həyat keyfiyyətinin inkişaf etdirilməsi, mühit-məkan həllinin müəyyənləşdirilməsi kimi vacib məqamlar öz əksini tapmalıdır.

Ümumi mükafat fondu 60000 manat olan müsabiqədə layihə müəllifləri fərdi və ya qrup şəklində iştirak edə bilərlər. İştirakçılar yuxarıda qeyd olunan kəndlərdən birini və ya bir neçəsini seçmək hüququna malik olsalar da, seçilmiş hər bir ərazi üzrə ayrılıqda bir layihə təqdim olunmalıdır. Müsabiqədə iştirak etmək istəyənlər 15 iyul 2021-ci il tarixinədək qeydiyyatdan keçməli, layihələr isə 31 iyul 2021-ci il saat 18:00-dan gec olmayaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tam tərkibdə təqdim olunmalıdır. Müsabiqədə iştirak üçün hər hansı ödəniş tələb olunmur.

15 avqust 2021-ci il tarixində elan olunacaq nəticələrə əsasən münsiflər heyətinin seçdiyi 3 nəfər mükafatlandırılacaq. 1-ci yerin sahibi 5000 manat mükafat və 1-ci dərəcəli diplomla, 2-ci yerin sahibi 3000 manat və 2-ci dərəcəli diplomla, 3-cü yerin sahibi isə 2000 manat və 3-cü dərəcəli diplomla təltif olunacaqlar. Digər iştirakçılara həvəsləndirici hədiyyələr və iştirakçı sertifikatları təqdim ediləcək. Qeyd edək ki, müsabiqənin əhatə etdiyi kəndlərdə bərpa-quruculuq işləri aparılacağı təqdirdə qalib gələn layihələr nəzərə alınacaq.

Layihədə maraqlı şəxslər qeydiyyatdan keçmək, habelə müsabiqə tapşırığı, iştirak şərtləri, qaydalar və digər detallarla tanış olmaq üçün bu məqsədlə xüsusi hazırlanmış “Qədim Qarabağın yenilənən siması” internet səhifəsini (www.bizimqarabagh.az) ziyarət etməyə dəvət olunur.