BİZNES

01 İyul

Azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyəti üçün neçə adam müraciət edib?

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupun 30 iyun 2021-ci il tarixdə növbəti iclası keçirilib.

Fins.az xəbər verir ki, iclasda İqtisadi Məsələlər üzrə İşçi Qrupda təmsil olunan Prezident Administrasiyası, İqtisadiyyat, Maliyyə və Energetika nazirliklərinin, Mərkəzi Bank, Dövlət Turizm Agentliyi, Qarabağ Dirçəliş Fondu, İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri iştirak edib. 

İclasda işğaldan azad edilmiş ərazilərdə xidmət göstərən şəxslərin ilkin istehlak tələbatlarını ödəmək məqsədi ilə ərzaq, əczaçı dükanları, bankomatların və s. açılması məqsədilə iş adamlarının iyul ayı ərzində Kəlbəcər və Laçın rayonlarına səfərinin təşkili ilə bağlı məsələ müzakirə edilmiş, səfərin proqramı və marşurutunun hazırlanması, həmçinin təhlükəsizlik məsələlərinin təmin olunmasının vacibliyi qeyd edilmişdir.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu, təhlili, sahibkarların məlumatlandırılması, müvafiq tövsiyələrin verilməsi və müraciətlərin aidiyyəti olaraq yönləndirilməsi işləri İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təmin edilir. Hazırki dövrə qədər 600-dən artıq müraciət daxil olub. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.