Bakının Xətai rayonu, Gəncə prospekti 103 ünvanında ötən gün etirazla qarşılanan tikintinin inşası dayandırılıb.
Bu barədə Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov məlumat verib.
Onun sözlərinə görə, hazırda sakinlərin narazılığı araşdırılır: “Əslində həmin tikintinin sənədləri qaydasındadır, yəni tikinti qanunidir. Lakin narazılıq varsa, o aydınlaşdırılmalıdır. Buna görə də aidiyyati qurumlara müraciət olunub və məsələ araşdırılır. Ona qədər isə heç bir tikinti aparılmayacaq”.
Xatırladaq ki, ötən gün sözügedən ünvanda "Sultan E" MMC tərəfindən çoxmərtəbəli binanın tikintisindən narahat olan sakinlər etiraz aksiyası keçirmişdilər. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevin hadisə yerinə gələrək sakinlərlə söhbətindən sonra, etirazçılar ərazini tərk ediblər. Rafiq Quluyev sakinlərə tikintinin dayandırılacağını bildirib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə həmin ərazidə tikinti üçün MTK-ya Bakı Şəhər İcra Hakimiyyəti başçısının 14.06.2017-ci tarixli 267 nömrəli sərəncamı ilə icazə verildiyini açıqlayıb. Həmçinin bildirilib ki, Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən də həmin ünvanda yaşayış binasının tikintisinə qeyd edilən sərəncamlar və aidiyyəti dövlət qurumlarının rəyləri əsasında icazə var.
(c)Qafqazinfo