BİZNES

11 İyun

Mikayıl Cabbarov ABŞ rəsmisi ilə əlaqələrin inkişafını müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerlə görüşüb.

Fins.az xəbər verir ki, Mikayıl Cabbarov ABŞ-la iqtisadi, ticarət, sənaye və s. sahələrdə tərəfdaşlığın inkişaf etdiyini, ikitərəfli iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün müqavilə-hüquq bazasının möhkəmləndirilməsi istiqamətində işlərin görüldüyünü diqqətə çatdırıb.

İqtisadiyyat naziri Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı, kiçik və orta biznesin iqtisadiyyatda rolunun artırılması, nəqliyyat-tranzit potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər barədə məlumat verib, dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan İnvestisiya Holdinqinin yaradıldığını bildirib.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker regionda dayanıqlı sülhün bərqərar olmasının, regional inkişafın önəmini vurğulayıb, ABŞ şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında, xüsusilə minalardan təmizləmə fəaliyyətində iştirakda marağını ifadə edib.

Görüşdə ABŞ-la iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığın, iqtisadi-ticarət, investisiya əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.