BİZNES

10 İyun

Vüqar Bayramov: Turizm və ticarət sektorlarında iqtisadi aktivlik yüksələcək

“Azərbaycanda turizm və ticarət sektorlarında iqtisadi aktivlik yüksələcək”.

Bunu Fins.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat deyib ki, pandemiya səbəbindən karantin rejimin tətbiqinə başlanıldıqdan sonra ilk dəfə olaraq Azərbaycanda iqtisadi artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 5 ayında 31 milyard 532 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur: “Pandemiyanın təsirlərindən ötən il Azərbaycanda ÜDM istehsalı 4.3 faiz azalmışdı. Bu ilin ilk ayında isə iqtisadiyyatımız 2,5 faiz, ilk 2 ayında 3,2 faiz, birinci rübdə 1,3 faiz və nəhayət yanvar-aprel aylarında 0,2 faiz azalmışdı. Göründüyü kimi, ötən ildən başlanan azalma tempi may ayının yekunlarında artım ilə əvəz olunub. Bu ilin ilk 5 ayında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,5 faiz artıb. Qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsi həmçinin bu ilin yanvar ayından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi və bir sıra yumşalmalara gedilməsi ilə bağlıdır. Son 5 ayda Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin tədbirlərinə getmədən, əksinə, real sektordakı bir sıra məhdudiyyətləri aradan qaldırmaqla yoluxma sayını optimallaşdıra bilməsi təqdirə layiq haldır. Xüsusən nəzərə almaq lazımdır, əksər ölkələr, o cümlədən qardaş Türkiyə yaz aylarında sərt karantin tətbiq etmək məcburiyyətində qaldılar”.

V. Bayramov qeyd edib ki, bu gündən iqtisadiyyatda yeni açılımlar tətbiq olunub: “Xüsusən də turizm və ticarət sektorlarında iqtisadi aktivliyin yüksələcəyi gözlənilir. Turizm neftdən sonra ölkəmizə ən çox valyuta gətirən sektordur. 2019-cu ildə Azərbaycanın gəlmə turizm gəlirləri 2.7 milyard dollardan çox olub. Pandemiyadan öncə turizm və əlaqəli sahələrdə 100 minə yaxın vətəndaşımız çalışırdı. Buna görə də, turizm sektorundakı açılımlar həmçinin məşğulluğun təmin edilməsi baxımdan da vacib hesab olunur. Bu baxımdan, vaksinasiya prosesini sürətləndirən və virus sayını lokallaşdıra bilən ölkələr ilə mərhələli şəkildə hava və quru əlaqələrinin bərpa edilməsi məqsədəuyğundur və bu real sektordakı canlanmaya xüsusi təkan verə bilər. Məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərməklə yanaşı həmçinin məşğulluğun təmini baxımdan da vacibdir. Bu kontekstdən yoluxma sayının azalması davam edərsə real sektordakı digər məhdudiyyətlərin də mərhələli şəkildə aradan qaldırılacağı istisna edilmir”.