BİZNES

10 İyun

Azərbaycan - İsrail iqtisadi əməkdaşlığı müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin Xarici İşlər Nazirliyinin MDB və Asiya ölkələri üzrə iqtisadiyyat departamentinin direktoru Mixael Lotemlə görüşüb.

Mikayıl Cabbarov Azərbaycan-İsrail siyasi və iqtisadi münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb, 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycanın haqq işinə göstərdiyi dəstəyə, humanitar səylərə görə təşəkkürünü bildirib.

İqtisadiyyat naziri Azərbaycanla İsrail arasında işğaldan azad olunmuş ərazilərimizin bərpası, enerji, səhiyyə, rəqəmsallaşma, investisiya, innovasiyalar, İKT, kənd təsərrüfatı, su sektorunun idarə edilməsi, turizm və s. sahələrdə əməkdaşlıq üçün böyük potensialı vurğulayıb.

İsrailin Xarici İşlər Nazirliyinin MDB və Asiya ölkələri üzrə iqtisadiyyat departamentinin direktoru Mixael Lotem ölkələrimiz arasında əlaqələrin genişlənməsinin əhəmiyyətini qeyd edib, İsrail şirkətlərinin azad olunmuş ərazilərimizin bərpasında iştirak etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

İsrailin Azərbaycandakı səfiri Corc Dikin də iştirak etdiyi görüşdə ikitərəfli iqtisadi tərəfdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran məsələlər barədə müzakirələr aparılıb.