BİZNES

24 May

Əmək Məcəlləsinə düzəlişlər işçilərin mənafeyinə xidmət edir

Ölkədə həyata keçirilən şəffaflaşma prosesi, əmək münasibətlərinə dövlət dəstəyinin artırılması və işçi hüquqlarının müdafiəsi ilə əlaqədar aparılan islahatlar çərçivəsində Əmək Məcəlləsində bir sıra əlavə və dəyişikliklər edilib. Mövzunu hüquqşünas Şəhriyar Həbilov şərh edir.

Bəzən müəssisələr vətəndaşla mülki xarakterli müqavilələr bağlamaqla müqavilə münasibətlərinə xitam verə bilirdi. Bu, həm də şəxsin geniştərkibli işçi hüquqlarından və sosial güzəştlərdən faydalanmasının qarşısını alırdı. Əmək Məcəlləsinə edilən son düzəlişlər məcburi şəkildə müəssisələrin əmək münasibətlərinə cəlb edilməsinə və işçi hüquqlarının qorunmasına şərait yaradır.

Dəyişiklik əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol vermir. Yeniliklərdən biri də Məcəlləyə əmək münasibətləri anlayışının daxil edilməsi və bu anlayışa izah verilməsidir.

Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

Yeni düzəlişlərə əsasən, əmək münasibətlərinin dairəsi də dəqiqləşidirilib:

1) Tərəflər arasında bağlanmış müqavilənin məzmununda rekvizitlər, əmək funksiyası, iş yeri, vəzifəsi, işə başlama vaxtı, iş, istirahət vaxtı, əməkhaqqı, əsas və ya əlavə iş yeri olması, məzuniyyət hüququ, tərəflərin öhdəlikləri kimi müddəalar varsa və müqavilə nümunəvi əmək müqaviləsi formasında bağlanıbsa, bu, əmək münasibətləri sayılacaq.

2) Əmək kitabçası təqdim edilməklə müqavilə bağlanıbsa bu hal da əmək münasibəti sayılacaq. (Məlum olduğu kimi elektron sistemin mövcudluğuna baxmayaraq hələ də əmək kitabçasının tətbiqi mümkündür).

3) Tərəflər arasında münasibətlərin yaranması vəzifəyə təyin edilmə, müsabiqə əsasında, ödənişli seçkili yaxud təyinatlı işə keçirmə, məhkəmə qərarı ilə qəbul kimi hallarda yaranan münasibətlər də əmək münasibətləri sayılacaq. Bəzi hallarda vəzifəyə mülki müqavilə əsasında təyin edilmə hallarının mövcud olduğu bank və sığorta sektoru kimi sahələrdə artıq şəxsin təyin edilməsi ilə yaranan münasibətlər yalnız əmək münasibətləri sayılacaq.

4) Münasibətlər işəgötürənin əsas fəaliyyətinə uyğun olarsa bu, əmək münasibətinə aiddir. Müəssisələr mülki müqavilə təcrübəsindən istifadə edərkən hətta işçinin əsas fəaliyyətinə aid işlərdə də əmək münasibətlərini istisna edirdi. Dərzi, sürücü, usta xidmətlərini təklif edən sahibkarlar həmin statusda olan şəxslərlə əmək müqaviləsi bağlamırdı. Yeni düzəlişlər bu kimi halları aradan qaldıracaq.

5) Əvəzçilik və ya müvəqqəti əvəzetmə halları əmək münasibəti yaradır. Müəssisədə işçi müvəqqəti işə çıxmadıqda (hamiləlik, 3 yaşadək uşağa qulluq və s.) onun yerinə işə cəlb edilən şəxslərlə də rəsmiləşdirmə mülki müqavilə ilə davam etdirilirdi. Yaxud, şəxs əsas iş yerindəki işindən başqa işlə məşğul olanda, onunla əmək münasibətləri davam etdirilsə də, rəsmiləşdirmə mülki müqavilə ilə olurdu. Artıq bu hallar da aradan qalxacaq.

6) Müvəqqəti işlərin müddəti bitməsinə baxmayaraq müddət davam etdirilərsə, bu hal da əmək münasibətlərinə aid edilir. Sahibkarlar mövsüm bitəndən sonar da işçiləri işə cəlb etdikləri hallar olur. Düzəlişlərdən sonar davam edən mübasibətlər də əmək münasibətləri kimi rəsmiləşdirilməli olacaq. Bu hal tək mövsümi işlərlə məhdudlaşmır. Bəzən təhsil müəssisələrində müəyyən müddət (dərs periodu olan aylar) üçün əmək müqaviləsi bağlanırdı. Əslində isə hər tədris müddətində münasibətlər davam edirdi. Bu düzəlişlər belə özbaşınalıqları aradan qaldıracaq.

7) İşin xarakterinə görə nəticədə ödənilən xidmət haqlarının tərkibinə tarif maaşı, əlavə və mükafatlar daxil olarsa, bu, müqavilə ilə rəsmiləşdirilməlidir. Müəyyən kateqoriya müəssisələr ödənilən aylıq xidmət haqqına əlavə komissiya, mükafat və xüsusi əlavələr daxil edirdi və münasibətləri birbaşa əmək münasibətlərindən kənar olaraq mülki müqavilələrlə rəsmiləşdirirdi. Düzəliş bu cür halların qarşısını alır.

8) Şəxsin işdə olmadığı halda orta əməkhaqqı saxlanırsa, şəxsə intizam tənbehi verilirsə, məzuniyyət hüququ verilirsə, ştat ixtisarı və digər əsaslarla rəsmi əmək müqaviləsi olan şəxslərdəki kimi yaranmış münasibətlərə xitam verilirsə, işləri yerinə yetirən şəxsin vəzifələri elə qanunvericilikdə işçinin vəzifələri ilə eynidirsə - bunlar da əmək münasibətlərinə daxil edilir. Göründüyü kimi, qeyd edilən hallar əmək münasibətlərinin xarakteri ilə eynilik təşkil etsə də, işəgötürənlər müəyyən öhdəliklərdən yaxa qurtarmaq və işçi ilə müqaviləyə asanlıqla xitam verə bilmək üçün mülki müqavilələrdən istifadə edirdi. Artıq bu cür hallarda işçilərlə mütləq əmək müqaviləsi bağlanmalı olacaq.