BİZNES

21 May

Azərbaycan və 5 ölkədə rouminq qiymətləri - 7 DƏFƏ UCUZLAŞACAQ

2021-ci ilin payızından etibarən Azərbaycan vətəndaşları Regional Rouminq Razılaşması çərçivəsində rouminq qiymətlərinin tədricən azalmasından yararlana biləcəklər.

Fins.az xəbər verir ki, layihə EU4Digital Təşəbbüsü tərəfindən dəstəklənir. 2021-ci ilin payızında imzalanması gözlənilən bu razılaşma sadəcə başlanğıcdır və onun uğurlu olması üçün razılaşmanı imzalayan ölkələrin gələcək illərdə görəcəyi işlər vacib əhəmiyyət daşıyır.

Sözügedən razılaşma Azərbaycan daxil olmaqla altı Şərq Tərəfdaşlığı ölkəsində rouminq qiymətlərinin yaxın gələcəkdə tədricən azalmasını nəzərdə tutur. Razılaşmaya əsasən, 2026-cı ilin sonuna kimi Şərqi tərəfdaşlıq ölkələrində rouminq qiymətlərinin 87%-ə qədər ucuzlaşması gözlənilir.

Buraya Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldova aiddir.

2021-ci il ərzində razılaşmanı imzalayacaq ölkələr rouminq tariflərinin ucuzlaşması üçün qanunvericilikdə lazımi dəyişikliklər qəbul etməlidirlər. Növbəti ilin əvvəlindən etibarən qüvvəyə minəcək bu razılaşma Azərbaycan vətəndaşlarının mobil rouminq xidmətlərinə görə daha az pul ödəməsinə imkan verəcək.

Bununla yanaşı, EU4Digital Proqramının Telekommunikasiya qaydaları üzrə rəhbəri Andreys Dombrovoskisin sözlərinə görə, bu işlərin həyata keçirilməsi üçün sözügedən ölkələrdə müstəqil milli tənzimləyici orqanın yaradılması da daxil olmaqla, lazımi qaydada təşkil edilmiş qanunvericilik sistemi, provayderlər arasında azad və ədalətli rəqabəti, xidmət istifadəçilərinin səlahiyyətləndirilməsi və qorunması vacibdir.

Andreys Dombrovoskis bildirir ki, hazırda Azərbaycanda konkret müstəqil tənzimləyici orqan yoxdur və tənzimləmə ilə bağlı vəzifələri dövlət orqanı yerinə yetirir. Halbuki, «Tənzimləyici orqan bazardan asılı olmamalı və öz fəaliyyətinin qanunvericilərdən asılı olmadan həyata keçirməlidir. Bu, qanunla zəmanət verilən qərəzsiz qərar qəbuletmə prosesinin təmin edilməsində vacib element hesab olunur»-deyə o bildirib.

Dombrovoskis bildirir ki, müstəqil milli tənzimləyici orqan bazar iştirakçıları və xidmət istifadəçilərinin maraqlarını tarazlaşdıracaq. Tənzimləyici orqanlar bazar və istehlakçı hüquqları pozulduqda qərəzsiz müdaxilə etmək hüququna malik olmalıdırlar.

“Milli tənzimləyici orqan Regional Rouminq Razılaşmasına daxil edilmiş öhdəliklərlə bağlı qərarların qəbul edilməsinə cavabdeh olacaq. Məhz bu səbəbdən həmin qurumlar istehlakçıların bu razılaşmanın faydalarından yararlanmasında mühüm rol oynayırlar".

EU4Digital Proqramının mütəxəssisi əmindir ki, Regional Rouminq Razılaşmasının həyata keçirilməsi üçün milli qanunvericiliyə dəyişikliklər tələb olunursa, həmin dəyişikliklərin edilməsi zəruridir.

Sözügedən layihələrin nümaynədələri bildirir ki, hazırda müstəqil tənzimləyicinin müəyyən edilməsi Azərbaycan üçün əsas vəzifədir.

Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) Müstəqil Tənzimləyicilər və Genişzolaqlı Rabitə üzrə Mütəxəssis Qrupunun (IRB EWG) rəhbəri İnqa Popoviçi deyir ki, müvafiq dövlət idarəsi tənzimləyici orqanın vəzifələrini yaxşı yerinə yetirə bilər, ancaq “müstəqil milli tənzimləyici orqanın (NRA) yaradılması Azərbaycan üçün milli prioritet hesab olunur”.

Aİ-nin qabaqcıl təcrübəsinə əsasən, müstəqil milli tənzimləyici orqan daima rəqabət mühiti və yekun istifadəçilərin hüquqlarının lazımi dərəcədə qorunmasını təmin edən proqnozlaşdırıla bilən normativ-hüquqi aktların əsas hərəkətverici qüvvəsidir.

O ki qalda bu qurumun necə işləyəcəyinə, İnqa Popoviçi bu məsələdə Azərbaycana Gürcüstanı və onun tənzimləyici orqanını (ComCom) nümunə göstərir.

«Tənzimləyicinin institusional və maliyyə cəhətdən müstəqilliyi Gürcüstan Konstitusiyasında təsbit edilmişdir. Bundan əlavə, Gürcüstanın tənzimləyici orqanına milli qanunvericiliyə uyğun olaraq geniş səlahiyyətlər verilir və bu da onun tənzimləmələrini səmərəli edir», - deyə Popoviçi bildirir.

Almaniyanın Elektrik, Qaz, Telekommunikasiya, Poçt və Dəmir Yolları Federal Şəbəkə Agentliyi olan BnetzA-nın beynəlxalq əlaqələr/poçt tənzimləmə şöbəsinin direktoru Anneqret Gröbel, öz ölkəsində qanunvericilik bazasının həyata keçirilməsində milli tənzimləyici orqanların müstəqilliyinin nə qədər vacib olduğunu izah edir.

“Vəzifə səlahiyyətlərini yerinə yetirmək üçün milli tənzimləyici orqanlar ən yüksək səviyyədə tənzimləyici qərarlar qəbul etmək üçün lazımi səlahiyyət və səriştəyə, həmçinin maliyyə və insan resurslarına sahib olmalıdırlar. Nəhayət, iqtisadi tənzimləyicilərə qanunvericilikdə nəzərdə tutulmuş hədəflərə çatan ən uyğun və mütənasib tənzimləmə tədbirlərini seçmək səlahiyyətləri verilməlidir".

Alman tənzimləyici orqanının nümayəndəsi əmindir ki, bu cür dövlət orqanlarının müstəqilliyi iştirakçılara bərabər şərait yaratmağa və liberallaşdırılmış bazarların təqdim etdiyi fürsətlərdən istifadə etmək üçün real şans əldə etməyə imkan verir.