BİZNES

08 May

Sahibkarlarla özəl sektorda rəqəmsal həllərin istifadəsini genişləndirmək üçün görüş

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) banklar, sığorta şirkətləri və özəl şirkətlərlə “Hökumət – biznes rəqəmsal həlləri” mövzusunda onlayn görüş keçirib. 

Fins.az xəbər verir ki, EHİM-in direktoru Fariz Cəfərov Mərkəz tərəfindən cari görülən işlərin qısa xülasəsini təqdim edib, biznes həlləri haqqında geniş söhbət açıb.

Tədbir çərçivəsində proseslərin optimallaşdırılması, resurslara qənaət və fəaliyyətin səmərəliliyini təmin etmək məqsədi daşıyan rəqəmsal həllər haqqında özəl sektorda fəaliyyət göstərən qurumların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

EHİM biznes təmsilçiləri ilə mütəmadi olaraq görüşlər keçirir. Bu görüşlərin məqsədi özəl sektorun rəqəmsal xidmətlərlə bağlı rəy və təkliflərini öyrənmək, bu sektorda rəqəmsal həllərin istifadəsini daha da genişləndirmək, vətəndaş məmnunluğunu təmin etməkdir.