BİZNES

08 May

Şirkət və təşkilatların nəzərinə: Xidməti müqavilələr tamam ləğv olunur? - QANUNA DƏYİŞİKLİK TƏSDİQLƏNDİ

Azərbaycanda  xidməti müqavilə ilə işləyənlər və işçiləri belə üsulla rəsmiləşdirən işəgötürənlər üçün yeniliklər var. 

Prezident İlham Əliyev Əmək Məcəlləsinə əlavə və dəyişiklikləri təsdiqləyib. 

Fins.az xəbər verir ki, yeni dəyişiklik nəticəsində real əmək münasibətlərinin xidməti müqavilə ilə rəsmiləşdirilməsi qadağan edilir. Belə qaydada işləynələr isə, artıq qanunun təsdiqlənməsindən sonra əmək müqaviləsinə keçməli olacaqlar.

Xatırladaq ki, mülki-hüquqi, yəni xidməti müqavilə əsasında əməkdaşlıq forması ölkə qanunvericiliyində qadağan edilməyib. Bu əsasən qüsamüddətli və ya spesifik xidmətlərin göstərildiyi hallar üçün nəzərdə tutulur. Amma müşahidələr göstərir ki, bəzi işəgötürənlər işçiləri ilə əmək müqaviləsi bağlamamaq üçün onlarla xidməti müqavilə işləməyə üstünlük verirlər.

Bu zaman işəgötürənin vergi və sair ödənişləri  azalır, eləcə də onların işçi qarşısındakı öhdəlikləri əmək müqaviləsində olduğundan daha az olur.

Yerli qanunvericiliyə görə, qeyri-dövlət və qeyri-nef sektoru əmək haqqından vergidən azad edilsə də, əmək haqqının 25%-i həcmində sosial ödəməyə həyata keçirirlər. Xidməti müqavilədə isə cəmi 5% gəlir vergisi və 62 manat sosial ödəniş etmək tələb olunur. 1000 manatlıq maaşda bu iki variantı müqayisə etsək, əmək müqaviləsi variantında işəgötürən maaşdan əlavə DSMF-ə 250 manat ödəniş etməlidir. Xidməti müqavilədə isə bu məbləğ cəmi 112 manat (50 manat gəlir vergisi + 62 manat DSMF ödənişi) təşkmil edir. Ona görə də şirkət və ya fiziki şəxs sahibkarların bir hissəsi işçiləri ilə əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlayırlar.

Bu variant şirkətlərə qənaət maaşda qənaət etməyə imkan versə də, qeyri rəsmi məşğulluğu artırır və belə formada işləyənlərin gələcəkdə pensiya təminatı üçün problem yaradır.

Hökumətin hesablamalarına görə, ölkədə 600 min nəfər qeyri-rəsmi işləyən şəxs var və bunların əksəriyyəti xidməti müqavilə ilə işləyir. Başqa sözlə, ölkədə real şəkildə işləyən hər 4 nəfərdən biri xidməti müqavilədədir.

Əmək Məcəlləsinə edilən 12 dəyişiklik də qeyri-rəsmi məşğulluğun azaldılması məqsədi daşıyır.

Məcəllənin 7-ci maddəsinə əlavə edilən hissədə tərəflər arasında əmək münasibətləri hesab edilən bir sıra hallar göstərilir və bildirilir ki, onların xidməti müqvilə ilə rəsmiləşdirilməsinə yol verilmir. Bu hallardan biri aşkar edildiyi gündən yazılı əmək müqaviləsi bağlanmalıdır.

Dəyişikliklərin ümumi məğzi ondan ibarətdir ki, şəxs xidmət göstərdiyi şirkətlə ənənəvi işçi müqasibətindədirlərsə, onlarla hökmən əmək müqaviləsi  bağlanmalıdır.

Məcəlləyə birinci dəyişiklik də bunu nəzərdə tutur. Sənədin 2-ci maddəsində əmək münasibətlərinin prinsipləri yer alıb və bura belə bir cümlə əlavə edilib ki, «Əmək münasibətlərinin mülki-hüquqi münasibətlərlə rəsmiləşdirilməsi yolverilməzdir».

Əsas yeniliklər isə məcəllənin 7-ci maddəsinə aiddir. Bu maddəyə yeni 2-3 və 2-4-cü bəndlər əlavə olunub. Bu bəndlərə əsasən aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və və onların mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə icazə verilmir.

Belə ki, əgər işçi ilə işəgötürən şirkət arasında bağlanan müqavilə əmək müqaviləsi formasındadırsa, yəni burada işçi və işəgötürən barədə ətrafllı məlumat verilirsə, müqavilədə işçinin iş yeri, vəzifəsi, peşəsi, müqavilənin müddəti, işçinin əmək funksiyası, iş və istirahət vaxtı, əmək haqqı, məzuniyyətin müddəti və vaxtı göstərilirsə işçi ilə əmək müqaviləsi bağlanmalıdır.

Məcəlləyə dəyişikliyə görə, tərəflər arasında münasibətlər peşə və ya vəzifəyə qəbul edilmə, müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə formasında baş veribsə, bu da xidməti müqavilə sayıla bilməz.

Məcəlləyə ən mühüm dəyişikliklərdən və tətbiq edilən qaydalardan biri odur ki, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda bu münasibətlər yalnız əmək müqaviləsi ilə tənzimlənməlir. Başqa sözlə, hər hansı şəxs, qarşı tərəfə onun əsas fəaliyyət sahəsi üzrə xidmət göstərirsə, hökmən əmək müqaviləsi bağlanmalıdır.

İşçi şirkətdə hansısa şəxsi əvəz etdikdə də əmək müqaviləsinin bağlanması tələb olunacaq.

Digər maraqlı yenilik ondan ibarətdir ki, iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılarsa, bu zaman əmək müqaviləsi bağlanmalıdır.

Məcəllədə daha bir maraqlı tələb odur ki, xidməti müqavilədə yerinə yetirilən işə (xidmətə) görə, ödənilən haqqın tərkibi aylıq maaşdan, əlavədən və mükafatdan ibarət olduqda, işçi ilə əmək müqaviləsinin bağlanması tələb olunur.

Əgər xidməti müqavilədə Əmək məcəlləsinin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlər varsa, yəni məsələn, işçinin əsas vəzifələri, məzuniyyətin növləri, əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri nəzərdə tutulubsa, onunla münasibət əmək müqaviləsinə keçməlidir.

Qeyd edək ki, dəyişikliklər təkcə Əmək Məcəlləsinə aid deyil– xidməti müqavilədən istifadə etməklə vergi və DSMF ödənişlərindən yayınmanın qarşısını almaq üçün Əmək Məcəlləsilə yanaşı, Vergi Məcəlləsində, Mülki Məcəllədə və digər sənədlərə də dəyişikliklər ediləcək.

(c)FED