BİZNES

08 May

Azərbaycanda internetə nə qədər pul xərclənir?-MƏBLƏĞ

Aparılan təhlil göstərir ki, son 1 ildə pandemiya şərtləri ölkədə internetə tələbatı və provayderlərin xidmət keyfiyyəti ilə bağlı axtarış sorğularını kəskin artırıb.

Fins.az xəbər verir ki, Media Təhlil Mərkəzi tərəfindən 25-30 aprel tarixlərində internet provayderlərinin fəaliyyəti ilə bağlı sorğu keçirilib. 

Sorğuda iştirak edən 721 respondentin 33%-ni qadınlar, 67%-ni kişilər təşkil edib.

Sorğu nəticələrindən məlum olub ki, respondentlərin 59%-i evdə DSL-dən, yəni telefon xətti üzərindən çəkilən WiFi şəbəkəsindən, 28%-i internet və TV xidməti göstərən provayderlərdən, 13%-i isə mobil internetdən istifadə edir.

İştirakçıların 75,4%-i telefon xətti üzərindən çəkilən internet xidmətinin sürətinin zəif olduğunu qeyd etsələr də, respondentlərin 2,8%-i tam razılığını, 20,4%-i isə qaneedici olduğunu bildiriblər. Cavab verənlərin 1,4%-i isə DSL internet abunəçisi olsa da, xidmətdən istifadə etmir.

Respondentlərin 11%-i mobil internetin keyfiyyətindən tam razıdır. Cavab verənlərin 44%-ini mobil internet xidmətləri qane edir. Sürətin zəif olmasından şikayətlənənlər respondentlərin 38%-ni təşkil edir. İştirakçıların 7%-i isə mobil internetdən istifadə etmir.

Evdə istifadə edilən internet provayderinə ödənilən məbləğlə bağlı suala verilən cavablar aşağıdakı kimidir:

11-15 AZN (33%)

16-20 AZN (29%)

10 AZN (21%)

30 AZN-dən çox (4%)

İstifadə etmirəm (4%)

Sorğu iştirakçıları ay ərzində mobil internetə xərclədikləri məbləği də açıqlayıblar. Cavablara görə göstəricilər belədir:

6-10 AZN (28%)

1-5 AZN (25%)

11-20 AZN (21%)

İstifadə etmirəm (12%)

21-30 AZN (8%)

30 AZN-dən çox (7%)

Sorğuda iştirak edən kişilərin 21, qadınların 32 faizi ay ərzində mobil internetə 1-5 manat xərclədiklərini qeyd ediblər.