BİZNES

23 Aprel

3 karqo şirkətinə lisenziya verilib

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muxtar respublika sakinlərinə sürətli poçt xidmətlərinin göstərilməsi məqsədilə karqo şirkətlərinə lisenziya verilməsi istiqamətində müvafiq işlər həyata keçirilir. 

Fins.az xəbər verir ki, görülən tədbirlər sırasında növbəti addım olaraq 19 aprel tarixində “Aras Karqo”, 21 aprel tarixində “Nurlu Karqo” və 22 aprel tarixində “Etibarlı Karqo” Məhdud Məsuliyyətli cəmiyyətlərinə rabitə xidmətləri növünün sürətli poçt xidməti altnövünü həyata keçirmək üçün xüsusi lisenziyalar təqdim olunub.

Muxtar respublikada sürətli poçt göndərişlərinə lisenziyaların verilməsi muxtar respublikada karqolar arasında sağlam rəqabəti artırır ki, bu da hər bir karqo şirkətindən öz üzərində ciddi işləməyi tələb edir. Sürətli poçt xidmətlərinin göstərilməsi, xidmətlərin tarifləri, qadağan olunmuş və ya məhdudlaşdırılmış əşya və malların göndərilməsi, bağlamaların qəbulu, qablaşdırılması, göndərişlərin çatdırılma müddətləri zamanı karqo şirkətlərinin üzərinə böyük iş düşür. Vətəndaşlara daha yüksək və keyfiyyətli xidmət göstərməsinə zəmin yaradır.

Xatırladaq ki, artıq “Sürət Karqo” və “Naxçıvan Karqo” Məhdud Məsuliyyətli cəmiyyətləri də fəaliyyətlərini xüsusi lisenziya ilə həyata keçirir. 

Lisenziya verilmiş karqo şirkətləri sakinləri düşünərək həm internet saytları üzərindən sürətli poçt göndərişlərinin izlənməsi, həm də sosial şəbəkələr üzərindən onlayn xidmət göstərirlər. Onlayn xidmətləri istifadəyə verməklə vətəndaşların məmnunluğunu artırmağa çalışırlar. Eyni zamanda sakinlər üçün şəxsi kabinetindən istifadə edərək saytlardan rahatlıqla istədikləri əşya və geyimləri onlayn sifariş etmək, həmçinin bağlamaların göndərilməsi və digər məlumatları görmək imkanı yaradılır.