Regionlarda yeni mikro və kiçik sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına, sahibkarların maraqlarının müdafiəsinə, onların investisiya təşəbbüslərinin reallaşdırılmasına və maarifləndirilməsinə dəstək göstərən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB Dostu” şəbəkəsinin əhatə dairəsi genişləndirilir.
Fins.az KOBİA-ya istinadən xəbər verir ki, bu gün Salyan və Sabirabad rayonlarında da KOB dostları fəaliyyətə başlayıb. Bununla da ölkə üzrə KOB dostlarının sayı 24 şəhər və rayon üzrə 26-ə çatdırılıb.
Həmçinin, “KOB Dostu” sahibkarların maraqlarının müdafiəsi və onların qarşılaşdıqları çətinliklərin həlli istiqamətində dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görəcək, sahibkarların inkişaf ehtiyaclarını və təkliflərini sorğular vasitəsilə öyrənəcəkdir. Sahibkarlara yerində dəstəyin təmin olunması üçün ölkənin digər şəhər və rayonlarında da KOB dostlarının fəaliyyətinin nəzərdə tutulduğunu vurğulayan Orxan Məmmədov sahibkarları “KOB Dostu” ilə fəal əməkdaşlığa dəvət edib.
Sonra Agentliyin KOB-lara göstərdiyi dəstək mexanizmlərinə, o cümlədən “KOB Dostu” mexanizminə dair filmlər nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Salyan rayonu üzrə “KOB Dostu” ofisi Heydər Əliyev Mərkəzində, Sabirabad “KOB Dostu” ofisi isə Gənclər Mərkəzində fəaliyyət göstərir. “KOB Dostu” ofislərində sahibkarlara xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. “KOB Dostu” ilə birgə ofislərdə “KOB könüllüləri” də fəaliyyət göstərəcək.

