BİZNES

07 Aprel

Sahibkarlar üçün yeni layihəyə start verilib

Youth İnc. Sahibkarlıq Proqramı çərçivəsində yeni “from Start to Smart” layihəsinin açılışı olub.
Fins.az xəbər verir ki, onlayn həyata keçirilən açılışda çıxış edən Youth İnc. Sahibkarlıq Proqramının meneceri Talifa İsgəndərli layihə haqqında iştirakçılara geniş məlumat verib. Qeyd edib ki, Youth İnc. Sahibkarlıq Proqramı 2013-cü ildən uğurla həyata keçirilən uzunmüddətli gənclər proqramıdır. Proqramın əsas məqsədi ölkədə gənc sahibkarlıq anlayışının inkişafı, gənclərə öz biznesini yaratmaqda dəstək verməkdən və bunun üçün effektiv platforma yaratmaqdan ibarətdir.
Yeni start götürən “from Start to Smart” layihəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin tərəfdaşlığı, New World proqramı və Coca-Cola Fondunun maliyyə dəstəyi ilə icra olunacaq. Layihə gənclər arasında sahibkarlığın inkişafına və bu istiqamətdə startaplara yönəlməklə yanaşı, həm də su problemləri və onların innovativ həllini nəzərdə tutur.
Ölkədəki mövcud su ehtiyatlarının düzgün idarə olunması və bütün regionlar üzrə su probleminin innovativ həllinə yönələn layihə yeni iş imkanları yaradacaq.
Sonda layihəyə dair fikir mübadiləsi aparılıb.