İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının illik iclası keçirilib.
Fins.az xəbər verir ki, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun Palatanın ötənilki fəaliyyəti, İsrail dövləti və Azərbaycan Respublikası arasında ticarət, humanitar və digər sahələrdə əlaqələrin inkişafına yönəlik tədbirləri, 2021-ci ilə dair planları barədə məlumat verib.
Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Palatanın fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı, eləcə də dövlət-özəl işgüzar dialoqun təşviqi üçün əhəmiyyətli platformadır. Son iki ildə Palatanın aktiv fəaliyyətini vurğulayan nazir qurumun biznes dairələri arasında əlaqələri dərinləşdirməyə istiqamətlənmiş bir sıra təşəbbüslər irəli sürdüyünü bildirib. Mikayıl Cabbarov 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın haqq işinə göstərdiyi dəstəyə, humanitar səylərə, həmçinin müharibədə ağır yaralanan əsgər və mülki şəxslərə yardım göstərmək üçün İsrailin böyük tibbi heyətinin Azərbaycana gəlməsinə görə İsrail tərəfinə təşəkkür edib.
M.Cabbarov pandemiya səbəbindən ikitərəfli ticarət əlaqələrində müəyyən geriləmənin olmasına baxmayaraq, iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətin davam etdirildiyini vurğulayıb.
Nazir azad edilmiş ərazilərimizin bərpası prosesində əməkdaşlıq, postpandemiya dövründə aparılacaq iqtisadi islahatların istiqamətləri barədə fikirlərini bölüşüb.
Tədbirdə İsrailin Azərbaycandakı səfiri Corc Dik ,İsrail Xarici İşlər Nazirliyinin Asiya və MDB ölkələri ilə iqtisadi əməkdaşlıq departamentinin direktoru Mixail Lotem “İsrail-Azərbaycan iqtisadi münasibətləri və postpandemiya dövründə yeni imkanlar” mövzusunda təqdimatla çıxış edib.


Müəllif: Aynur Qəniyeva