BİZNES

18 Mart

Caspian Energy Club beşinci “Brand Award Azerbaijan” milli mükafatına start verir

Caspian Energy Club “Brand Award Azerbaijan” milli mükafatını bərpa edir. Bu barədə Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Fins.az xəbər verir ki,Telman Əliyev “Brand Award Azerbaijan” milli mükafatı Azərbaycanda fəaliyyət göstərən yalnız yerli korporativ, xidməti və məhsul brendlər arasında 2021-ci ilin ən tanınan 50 brendini seçərək mükafatlandıracağını vurğulayıb. O, həmçinin qeyd edib ki, “Brand Award Azerbaijan” və “Brand Award” ticarət nişanları dünyanın 50 ölkəsində Caspian Energy Club-a məxsusdur.

Qalib brendlər 26 aprel – 23 may tarixində onlayn səsvermə əsasında seçiləcək. Səsvermə həm ölkə daxili həm də ölkə xaricində baş tutacaq. Respondentlər “brandaward.az” saytında minimum 20 brend olmaqla müxtəlif namizədlərə səs verəcəklər. Mükafatın təqdimetmə mərasimi onlayn formatda 1 iyun tarixində keçiriləcək. “Brand Award Azerbaijan” milli mükafatında qalib gələn 50 brend, həmçinin, Xəzər-Qara dəniz regionundakı ölkələrdə keçirilən milli “Brand Award” müsabiqələrində qalib olan həmin ölkələrin milli brendləri ilin sonunda yekun “Brand Award International” müsabiqəsində birbaşa iştirak etmək imkanı əldə edəcək.

Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev “ “Brand Award Azerbaijan” mükafatının əsas məqsədi  milli brendlərin tanınmağına və  kiçik və orta biznesə bu istiqamətdə dəstək verməkdir.”- deyə diqqətə çatdırıb.

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.