BİZNES

15 Mart

Azərbaycanda qiymətlər nə qədər BAHALAŞIB?

 2021-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-fevral aylarına nisbətən 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 2,3 faiz artıb.

Fins.az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsi məlumat yaımlayıb 

Bildirlir ki 2021-ci ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,6 faiz, əvvəlki ilin fevral ayına nisbətən 4,2 faiz artıb .

2021-ci ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 2,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 5,2 faiz artmışdır.

Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, yumurtanın, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, şokolad məmulatlarının, çayın, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən mal və qoyun ətinin qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2021-ci ilin fevral ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz, əvvəlki ilin fevral ayına nisbətən 3,7 faiz yüksəlmişdir. Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma sulu boyaların, divar kağızlarının, kəsilmiş taxtaların, sementin, kərpicin, zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2021-ci ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 2 faiz, əvvəlki ilin fevral ayına nisbətən 3,3 faiz artıb. Cari ilin fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksinin artması əhali qrupu üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması, habelə paltarların təmiri, ictimai iaşə, tibbi və stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində bahalaşmanın müşahidə olunması ilə bağlı olmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.