Azərbaycan Türkiyəyə bir sıra ərzaq məhsullarını rüsumsuz ixrac etmək hüququ əldə edib. Bu barədə Türkiyənin «Resmi Gazete»si məlumat yayıb.
Fins.az xəbər verir ki,bu hüquq Azərbaycan və Türkiyə arasında 1 mart 2021-ci il tarixindən qüvvəyə minmiş Preferensial Ticarət Sazişi çərçivəsində 22 adda ərzaq məhsullarına şamil edilir.
Azərbaycanlı istehsalçılar aşağıdakı ərzaq mallarını müəyyən kvota çərçivəsində Türkiyəyə rüsumsuz ixrac etmək hüququ əldə ediblər: pendir - 100 min ton, meyvə - 39 min ton, qara çay - 300 ton, günəbaxan yağı - 5 min ton, şəkər və şəkər məhsulları - 5 min ton, kakao və kakao-yarımfabrikatlar - 1,25 min ton, meyvə və tərəvəz konservləri - 750 ton, meyvə püresi - 3 min ton, alma şirəsi - 2 min ton, şərab - 9 min dekalitr.
Bu tarif kvotaları bir təqvim ili, yəni 2021-ci il üçün müəyyən edilib və hər il yenilənəcək. Cari ilin kvotalarından istifadə etmək üçün onların rəsmi mətbuatda dərc olunduğu tarixdən etibarən 15 iş günü ərzində Türkiyə Ticarət Nazirliyinə müraciət etmək lazımdır.
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi 2020-ci il fevralın 25-də Bakı şəhərində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasının yekunları üzrə imzalanıb.
Saziş hər iki ölkə arasında qarşılıqlı mal tədarükü üzrə gömrük rüsumunun sıfıra endirilməsini nəzərdə tutur.
