7722 KOB subyektinin iştirakı ilə 23 sorğu keçirilib
Fins.az xəbər verir ki,bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 2020-ci il üzrə fəaliyyətinin yekunlarına dair brifinqdə deyilib.
Məlumata görə, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik tərəfindən ötən il ərzində görülmüş işlər və perspektiv planlar barədə təqdimatla çıxış edib.
Bildirilib ki, KOB sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və tənzimlənməsində iştirak çərçivəsində ötən il KOBİA-nın təşəbbüsü ilə hazırlanmış 2 normativ hüquqi akt təsdiq edilib, müxtəlif istiqamətlər üzrə hazırlanmış 86 normativ sənəd layihəsinə münasibət bildirilib.
Sahibkarlıq sahəsində qanunvericilik və tənzimləmə, idxal-ixrac əməliyyatları, dəstək mexanizmlərindən istifadə, “COVID-19” pandemiyasının biznesə təsiri və s. istiqamətlər üzrə KOB subyektlərinin ehtiyaclarının, qarşılaşdığı çətinliklərin və təkliflərinin öyrənilməsi üçün Bakı şəhəri və ölkə regionları əhatə olunmaqla 7722 KOB subyektinin iştirakı ilə 23 sorğu keçirilib.
2020-ci ildə Agentliyə 3187 vətəndaş müraciəti daxil olub ki, bu müraciətlərin 890-nı KOB maraqlarının müdafiəsi ilə bağlı olub. Bu müraciətlərin 28%-i dövlət-biznes və biznes-biznes platformaları çərçivəsində müsbət həll olunub, 54%-nə qanunvericiliyin tələbləri izah olunmaqla müvafiq tövsiyələr verilib, 11%-i isə aidiyyəti üzrə digər qurumlara yönləndirilib.