Qarabağda texnologiya parklarının, innovasiya mərkəzlərinin açılması planlaşdırılır.
Fins.az xəbər verir ki, İnnovasiyalar Agentliyi bu yöndə öz fəaliyyətlərini davam etdirərəkTürkiyənin İstanbul Texnoparkı ilə “Yüksək Texnologiyalar sahəsində Əməkdaşlıq” memorandumunu imzalayıb.
Memorandumda tərəflərin gələcək birgə fəaliyyətini əks etdirən bəndlər qeyd olunub. Azərbaycanda texnologiya bilikləri səviyyəsinin artırılması və gənc mütəxəssislərin yetişdirilməsi məqsədi ilə mütəmadi olaraq inkubasiya və akselerasiya programlarının, texnologiya transferi proqramlarının həyata keçirilməsi, eyni zamanda bilik və təcrübələrin paylaşılması planlaşdırılır.
Bunun üçün qarşılıqlı seminar, təlim və konfranslar təşkil edilməsi, hər iki ölkədə nümayəndəliklərin və ən əsası isə müştərək Yüksək Texnologiyalar Parklarının yaradılması nəzərdə tutulur. Həmin parklarda ən son “soft” və “hard” elmi araşdırmaların aparılması, eyni zamanda yüksək texnoloji cihazların istehsalı planlaşdırılır. Mütəmadi təşkil olunacaq kampuslarda isə gənclərimizin və İKT sahəsinin mütəxəssislərinin bir-biri ilə ünsiyyətdə olmaları, təcrübələrini bölüşmələri və yeni ideyalarını həyata keçirmələri üçün mühit yaradılacaq.
Bu cür əməkdaşlıq müqavilələrinin bağlanmasında Agentliyin məqsədi Azərbaycanı regionda yüksək texnologiyalar və innovasiyalar məkanına çevirmək dövlətimizin iqtisadiyyatı və gələcək tərəqqisi üçün addımlar atmaqdır.
Qeyd edək ki, İnnovasiyalar Agentliyi daha əvvəl Türkiyənin ən böyük sənaye bölgələrindən birində yerləşən, 130 texnologiya şirkətinə dəstək göstərən “GOSB” və məşhur Bilkent Universitetinin yaratdığı “Bilkent Cyberpark” texnoparkı ilə memerandum imzalamışdır.