BİZNES

21 Sentyabr

İqtisadiyyatda ixracın səviyyəsi 12 faiz azalacaq

Avstriya İqtisadi Tədqiqatlar İnstitutu koronavirus pandemiyası ilə əlaqədar ölkə iqtisadiyyatında ixracın səviyyəsinin 12 faiz azalacağını proqnozlaşdırıb.

 Avstriya şirkətlərinin dörddəüçü ixrac üzrə istehsal olunmuş məhsulların vaxtında çatdırılması və istehsal üçün tələb olunan xammal zəncirinin qırılmasından əziyyət çəkir. Rəyi soruşulan şirkətlərin üçdəbiri isə qlobal ticarətin zəifləməsinin onların satış bazarlarına da ağır təsir göstərdiyini qeyd edib. Bu ilin may ayında pandemiya ilə əlaqədar Avstriyanın ixracı 25,5 faiz aşağı düşsə də, sonrakı aylarda vəziyyətin sabitləşməsi mümkün oldu. Aylar üzrə gedişat ixracın illik səviyyəsinin təxminən 12 faiz az olacağını göstərir.

İnstitutdan bildirilib ki, 2000-2008-ci illərdə sürətlə inkişaf edən ixrac sənayesi 2008-2009-cu illərdəki maliyyə böhranından sonra qlobal ticarətdə öz mövqeyini itirib və daha çox ixtisaslaşmış sahələr üzrə unikal məhsulların ixracına üstünlük verilib.

Mütəxəssislər hesab edirlər ki, hazırkı vəziyyətin pandemiyadan sonrakı dövrə həssas yanaşmağı və yeni bazarlara çıxış əldə etməyi tələb edir. Ona görə də, ixrac sənayesində fəaliyyət göstərən müəssisələrin vəziyyətinin sabitləşməsi üçün dövlət tərəfindən genişmiqyaslı maliyyə və iqtisadi tədbirlər paketi həyata keçirilməlidir. Eyni zamanda, ixrac məhsullarının diversifikasiyası üçün strukturlu tədbirlərə ehtiyac var.

Avstriya Sənayeçilər İttifaqı isə Avropa İttifaqının Merkosur dövlətləri ilə ticarət paktını bağlaması sayəsində sənaye üçün yeni canlanma gözləyir. Bu payız Avropa Komissiyası tərəfindən üzv dövlətlərə göndərilməli olan pakt sayəsində Cənubi Amerika ölkələrində yeni bazarlara çıxış əldə ediləcəyinə ümid bəslənilir.