“Nokia” şirkəti Azərbaycanın mobil operatoru “Azercell Telecom” MMC-nin 4G şəbəkəsinin əhatə dairəsini genişləndirdiyini elan edib.
Belə ki, şirkət Azərbaycan ərazisində 1,400 məntəqədə özünün AirScale 4G baza stansiyalarını quraşdıracaq. Nokia-nın AirScale Radio Access həlləri Azercell-ə artan tələbatı qarşılayacaq yüksək sürətli mobil bağlantı, həmçinin gələcəkdə rahat miqrasiya xətti ilə təmin edəcək. Nokia bu müqavilədə yeganə təchizatçı kimi çıxış edir və əvvəlki təchizatçını əvəz edərək şirkətin şəbəkəsinin daha da təkmilləşdirilməsində iştirak edəcək.
Bildirilir ki, bu, 4G şəbəkəsinin əhatə dairəsinin paytaxtdan kənarda genişləndirilməsi istiqamətində icra olunan ilk genişmiqyaslı regiona layihədir. Azercell Nokia-nın Single RAN həllindən istifadə edəcək. Bu həll yüksək qoşulma qabiliyyəti və bazarda ən az gecikmə təklif edən ilk hərtərəfli kommersiya həllidir. Single RAN mürəkkəbliyi azaldacaq, xərcləri optimallaşdıracaq və proqramın yenilənməsi ilə gələcəkdə daha asan şəkildə texnoloji yüksəliş əldə etməyə imkan verəcək.
Azercell eyni zamanda Nokia-nın NetAct Cloud adlı şəbəkə idarəetmə sistemini də tətbiq edəcək. Bu sistem bulud əsaslıdır, yalnız proqram təminatı ilə xidmət üzrə müştəri tələblərinə cavab verir. NetAct Bulud şəbəkə idarəetmə sistemindən istifadə edəcəkdir. Bu sistem daha çox çeviklik və daha aşağı əməliyyat xərcləri ilə bağlı digər IT və telekom sistemləri ilə eyni məlumat mərkəzi platformalarında istifadə olunur. NetAct həm radio, həm də əsas şəbəkələri idarə edir və nasazlıqların idarəedilməsi, konfiqurasiya idarəetməsi, şəbəkə və inzibati idarəetmə, performansın idarə edilməsi və təhlükəsizliyin idarə edilməsi üçün tətbiqlər təqdim edir. Razılaşmaya, həmçinin Nokia-nın şəbəkə dizaynı, quraşdırma və optimallaşdırma üzrə xidmətləri də daxildir. Quraşdırma işlərinə 2018-ci ilin sonunda başlanıb və 2020-ci ilin iyulunda başa çatıb.
Məqalədə Azercell-in Azərbaycanın ən iri mobil operatoru olduğu qeyd olunur. Şirkətin 4G şəbəkəsinin coğrafi əhatə dairəsini genişləndirməyi və 4G şəbəkəsini bütün ölkəyə, o cümlədən digər şəhər və rayonlara yaymağı planlaşdırdığı, həmçinin aşağı güclü, geniş sahəli NB-İoT xidmətlərini tətbiq etməyi hədəflədiyi bildirilir.
“5 milyondan çox istifadəçisi olan Azercell, Azərbaycanın bütün bölgələrinin sakinlərini sürətli internet vasitəsilə bərabər texnoloji imkanlar və ən son yeniliklərlə təmin etmək üçün 4G şəbəkəsini Nokia ilə gücləndirib və genişləndirib. Qürur hissi ilə qeyd etmək lazımdır ki, “Systemics” Avropa şirkətinin Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testi Azercell-in ölkənin bütün bölgələrində ən yüksək keyfiyyətli 4G xidmətlərini təmin etdiyini təsdiqləyib. Nokia ilə də uzunmüddətli əməkdaşlıq gözləyirik”, - deyə Azercell-in Şəbəkə Texnologiyaları Departamentinin direktoru Marat Həmidov qeyd edib.
“Azercell-i ölkəboyu 4G bağlantısı tətbiq etmək istiqamətində gördüyü işlərdə dəstəkləməkdən məmnunuq. Yüksək performanslı 4G şəbəkəsi böyük əhəmiyyətə malikdir və biz öz AirScale həllimizlə Azercell hazır olduğu zaman yeni texnoloji dövrə sadə yenilənmə təklif edirik. Azercell ilə uzunmüddətli və sıx iş birliyi qurmağı və ölkə ərazisində abunəçilərinə ən yaxşı bağlantı təmin etmək üçün davamlı səylərinə kömək etməyi səbirsizliklə gözləyirəm”, - deyə Nokia-nın Orta Şərq və Orta Asiya Ölkələri üzrə rəhbəri Mikko Lavanti bildirib.