BİZNES

17 Sentyabr

Argentinanın  Azərbaycandakı səfirliyində  Rəqəmsal Ticarət Qovşağı barədə xüsusi təqdimatın təşkil olunacaq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı  Argentina Respublikasının Azərbaycan Respublikasındakı səfiri  Sergio Perez Gunellanı qəbul edib.

Fins.az xəbər verir ki,görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsi, eləcə də pandemiya ilə mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumatlar təqdim edib. Məlumat verilib ki, pandemiya dövründə makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın gücləndirilməsi istiqamətində görülən işlər, sahibkarlığın dəstəklənməsi sahələrində sistemli işlər aparılıb. V.Qasımlı həmçinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilən layihələr, həmçinin cənab Prezidentin tapşırıqları ilə yaradılan Azexport portalı, EnterpriseAzerbaijan portalı, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, eləcə də Rəqəmsal Ticarət Qovşağının fəaliyyəti barədə ətraflı məlumat verib. Görüşdə elektron rezidentlik alınması məqsədilə Argentina vətəndaşının Rəqəmsal Ticarət Qovşağına müraciət etməsi qeyd edilib.   

Argentina Respublikasının ölkəmizdəki səfiri Sergio Perez Gunella Azərbaycanda xüsusi ilə son dövrlər hər bir sahə üzrə aparılan islahat tədbirlərindən əldə olunan nailiyyətlərin təqdirəlayiq olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan öz  iqtisadi inkişafı ilə regionda əhəmiyyətli nüfuza malik bir ölkəyə çevrilib. Müzakirə zamanı Prezident İlham Əliyevin Fərmanı əsasında yaradılan Rəqəmsal Ticarət Qovşağı haqqında məlumatlar səfirin xüsusi diqqətinə səbəb olub. Qovşaqla əməkdaşlıq çərçivəsində danışıqların davam etdirilməsi və Argentina Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində  Rəqəmsal Ticarət Qovşağı barədə xüsusi təqdimatın təşkil olunması barədə razılıq əldə olunub.

Argentina Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Sergio Perez Gunella həmçinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti ilə tanış olub.