2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanın ABŞ iqtisadiyyatına birbaşa investisiyaları $167,364 milyon təşkil edib ki, bu da ötən ilin yanvar-iyun aylarının göstəricisindən 4,5 dəfə çoxdur. Bu barədə fins.az-a Mərkəzi Bankdan məlumat verilib.
Hesabat dövründə ABŞ Azərbaycan investisiyalarının yönəldildiyi ölkələr arasında birinci yeri tutub. Yarım il ərzində Azərbaycanın birbaşa xarici investisiyalarının ümumi həcminin 25,5%-i ABŞ-ın payına düşüb.
İnvestisiyaların həcminə görə ikinci yerdə Avstriya gəlir. Yanvar-iyun aylarında Azərbaycan investisiyalarının 12,8%-i - $84,014 milyon (artım 3,6 dəfə) bu ölkəyə yönəldilib.
Üçüncü yerdə Böyük Britaniya ($83,956 milyon – azalma 39,2%) qərarlaşıb.
2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan investisiyalarının yönəldildiyi ölkələrin onluğuna Monteneqro ($78,902 milyon), Bəhreyn ($44,955 milyon), Malta ($41,39 milyon), Rusiya ($41,151 milyon), Türkiyə ($39,164 milyon), İsveçrə ($24,424 milyon) və Gürcüstan ($16,936 milyon) daxil olub.
Bütövlükdə, 2020-ci ilin birinci yarısında Azərbaycandan xaricə birbaşa investisiyalar $655,521 milyon (azalma 2,1 dəfə) təşkil edib. Bu azalma hesabat dövründə Türkiyə iqtisadiyyatına birbaşa investisiyaların 18,5 dəfə azalması ilə izah olunur.
2020-ci ilin birinci yarısında ən çox birbaşa investisiya qoyuluşları - $773,849 milyon (artım 34,2%) və ya ümumi həcmin 36,7%-i Böyük Britaniya şirkətləri tərəfindən həyata keçirilib.
İkinci yerdə Türkiyə ($258,869 - artım 0,4%, ümumi həcmin 12,3%-i), üçüncü yerdə ABŞ ($210,832 milyon - artım 36,8%, ümumi investisiyaların 10%-i) qərarlaşıb.
2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına yatırım etmiş investorların ilk onluğuna Yaponiya ($159,815 milyon), Rusiya ($139,855 milyon), Malayziya ($134,903 milyon), Kipr ($93,989 milyon), Norveç ($91,051 milyon), İran ($86,804 milyon) və Hindistan ($28,623 milyon) da daxil olub.
Cari ilin yanvar-iyun aylarında Azərbaycana birbaşa xarici investisiyalar $2 milyard 107,003 milyon (artım 23,5%) təşkil edib