Azərbaycan Nazirlər Kabineti tərəfindən fərdi sahibkarlara maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilən qərara əsasən, ikinci maliyyə dəstəyi proqramı çərçivəsində pandemiyadan zərər çəkən sahələrdə çalışan vergi ödəyicilərinin muzdlu işçilərinə görə ödənilməli vəsaitlərin növbəti hissəsinin köçürülməsinə başlanıb.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, vergi ödəyicilərinə ayrılacaq maliyyə vəsaitinin köçürülməsi üçün müvafiq məlumatlar Maliyyə Nazirliyinə təqdim edilib. Növbəti ödəmələr çərçivəsində 21 712 vergi ödəyicisinin 223 799 muzdlu işçisinə görə 50 mln. manat vəsaitin köçürülməsi nəzərdə tutulur.
Qeyd edək ki, muzdlu işçilərin əməkhaqqına 2-ci dəfə maliyyə dəstəyi pandemiyadan zərər çəkən sahələrdə çalışan, birinci maliyyə dəstəyi proqramı çərçivəsində vəsait alan və işçi saylarında ciddi azalmalara yol verməyən vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayı əsas götürülməklə bir aylıq əməkhaqqı fondu həcmində göstərilir. Maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində vəsaitlər avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödənilməsi nəzərdə tutulub