BİZNES

11 Sentyabr

“Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020”

İlk dəfə olaraq “Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020” keçiriləcək.

Fins.az xəbər verir ki,22-23 sentyabr tarixlərində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə təşkil olunacaq onlayn forumun məqsədi koronavirus (COVID-19) pandemiyası şəraitində və post pandemiya dövründə sahibkarların motivasiya edilməsi və beynəlxalq təcrübənin öyrənilməsidir.

Sahibkar düşüncə tərzinin təşviqi, xüsusilə gənclər və qadınlar arasında sahibkarlıq fəaliyyətinə marağı artırmaq, sosial sahibkarlıq sahəsində fəaliyyət göstərən və biznesə yeni başlayan gənclərin motivasiya edilməsi, mövcud sahibkarların pandemiya dövründə qarşılaşdıqları çətinliklərin müzakirə olunması forumun başlıca hədəfləri sırasındadır. Onlayn forum çərçivəsində mövcud pandemiya şəraitində fəaliyyətini davam etdirən sahibkarların uğur hekayələri paylaşılacaq, beynəlxalq spikerlər vasitəsilə xarici təcrübə öyrəniləcəkdir.

Onlayn foruma Türkiyə, Almaniya, Finlandiya, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Rusiya, Pakistan, İspaniya və s. kimi ölkələrdən iştirakçı və spiker qismində iş adamları qatılacaq.

“SA Consulting” MMC-nin təşkilatçılığı ilə keçiriləcək “Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020”nin tərəfdaşları “Odlar Yurdu” Gənclər İctimai Birliyi, “SAT Group”, Sosial Biznes Gənclər Mərkəzi, “Networking.az” biznes klubu, “Majlis Business Network” və “Avrasya Ekonomik İlişkiler Derneği”dir.

Forumda iştirak üçün son qeydiyyat tarixi 21 sentyabr saat 15:00-dır. Tədbirdə iştirak etmək üçün bu keçidə daxil olmaqla qeydiyyatdan keçmək lazımdır - //bit.ly/33e0toZ