Bu ilin 8 ayı ərzində qeyri-neft ixracına görə ixrac təşviqinin ödənilməsi məqsədilə sahibkarlardan daxil olan 634 müraciətə baxılıb və onlardan 627-nə məktub-sərəncam verilib. Fins.az xəbər verir ki,bunu AZPROMO-nun İxracın təşviqi departanmentinin direktor müavini Tural Hacılı deyib
O bildirib ki, bu dövr ərzində ixrac olunmuş məhsulların dəyəri 111 mln. dollar, ixrac təşviqinin məbləği isə 6,3 mln. manat təşkil edib. Bu dövrdə ixrac təşviqi mexanizmindən 80 sahibkarlıq subyekti yararlanıb və dünyanın 20 ölkəsinə ixrac təşviqi şamil edilən Azərbaycan istehsalı olan qeyri-neft məhsulları ixrac edilib.
İxracına görə ixrac təşviqi ödənilmiş məhsullar arasında qabığı təmizlənmiş meşə fındığı, təzə xurma və nar, şərablar və digər spirtli içkilər, konserv məhsulları, şirələr, mürəbbələr, souslar, pambıq ipliyindən hazırlanan məmulatlar üstünlük təşkil edib.
Məlumat üçün bildirək ki, 1 mart 2016-cı il tarixindən tətbiq edillən ixrac təşviqinin ödənilməsi mexanizmi çərçivəsində 2.947 müraciət daxil olub, aparılan araşdırmalardan sonra 2.883 məktub-sərəncam verilib. Bu dövr ərzində 365 mln. ABŞ dolları dəyərində ixrac olunmuş məhsullara görə sahibkarlıq subyektlərinə 23,2 mln. manatdan çox ixrac təşviqi ödənilib. İndiyədək ixrac təşviqi mexanizmindən yararlanan sahibkarlar 145 sahibkar öz məhsullarını Almaniya, ABŞ, Böyük Britaniya, İsrail, İsveç, İtaliya, Kanada, Küveyt, Avstraliya, Belçika, BƏƏ, Cənubi Koreya, Belarus, Çexiya, Çin, Fransa, Yaponiya və digər ölkələrə ixrac ediblər.
İxrac təşviqi mexanizmi iqtisadiyyatının diversifikasiyasının davam etdirilməsi, yaradılmış ixrac potensialından daha səmərəli istifadə olunması, ixracatçıların məhsullarını beynəlxalq bazarda daha rəqabətqabiliyyətli qiymətlərlə təklif etmək imkanı yaradır. Hazırda ixrac təşviqinin ödənilməsi prosesinin elektronlaşdırılaraq müvafiq məlumat bazalarına inteqrasiya olunması hesabına ixracatçılar üçün daha rahat, həmçinin ödənilmiş vəsaitlərin səmərəli istifadəsinin təmin olunması baxımından daha səmərəli mexanizm kimi təkmilləşdirilməsi üzərində işlər aparılır.
Müəllif:Aynur Qəniyeva