BİZNES

09 Sentyabr

Azərbaycan “WSIS-2020” Nazirlər Toplantısında təmsil olunub


Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (WSIS-2020) çərçivəsində virtual formatda Nazirlər Toplantısı keçirilib. 
Fins.az xəbər verir ki,tədbirin əsas müzakirə mövzusu rəqəmli fərqliliyin aradan qaldırılması – rəqəmli keçidin sürətləndirilməsi üçün qlobal əməkdaşlıq mexanizmlərinə dair məsələlər olub.
Nazirlər Toplantısında ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə təmsil edib.
Virtual “dəyirmi masa” iştirakçılarını salamlayan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, hazırda bəşəriyyətin mübarizə apardığı koronavirus pandemiyası əlaqələrin əhəmiyyətini artırıb və rəqəmsal fərqliliyin aradan qaldırılması məsələsinin vacibliyini ortaya çıxarıb.
Nazir müavini Azərbaycanda İKT sektoru da daxil olmaqla yüksək texnologiyaların inkişafının dövlət siyasətinin prioriteti olduğunu qeyd edib.
“Ölkəmizdə həyata keçirilən layihələr daxili ehtiyacları nəzərə alır və eyni zamanda regional istifadə imkanlarını da təmin edir. Məsələn, peyk proqramını uğurla həyata keçirən Azərbaycan, ilk növbədə milli tələbatı ödəməklə yanaşı, Avropa, Asiya, Orta Şərq və Afrika da daxil olmaqla geniş coğrafiya ölkələri üçün peyk xidmətləri göstərir”, – deyə E.Vəlizadə vurğulayıb.
Çıxışının sonunda nazirlik rəsmisi EPEG (Europe-Persia Express Gateway) fiber-optik xətt və TASIM – Trans-Avrasiya Super İnformasiya Magistralı kimi layihələrin bölgədəki rəqəmsal fərqliliyin azaldılmasına xidmət etdiyini söyləyib.

Müəllif:Aynur Qəniyeva