BİZNES

08 Sentyabr

“Made in Uzbekistan Textile” onlayn biznes forumu öz işini uğurla yekunlaşdırıb

“Made in Uzbekistan Textile” onlayn biznes forumu öz işini uğurla yekunlaşdırdı. Forumun əsas məqsədi Azərbaycan və Özbəkistan arasında tekstil sənayesində ikitərəfli tərəfdaşlığın inkişafı və ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün fürsət yaratmaqdır.

Fins.az xəbər verir ki, forumda Özbəkistanın 29 tekstil şirkəti və 20 Azərbaycan idxalçısı iştirak edib. “Made in Uzbekistan Textile” çərçivəsində pandemiya şəraitində beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq üçün yeni imkanlar yaradan 75 B2B görüş keçirilib.

Hər iki tərəfdən forum iştirakçıları bu cür tədbirin təşkil edilməsindən məmnun olduğlarını bildiriblər. Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov qeyd edib: “"Made in Uzbekistan Textile" onlayn biznes forumu ölkələrimiz arasında tekstil sənayesində işgüzar əlaqələrin inkişafı üçün effektiv platforma qismində çıxış etdi. Həm Özbəkistan ixracatçılarından, həm də Azərbaycan alıcılarından bu tədbirə böyük maraq müşahidə etdik. Forumun müsbət nəticələri gələcəkdə Bakıda artıq "oflayn" formatda tekstil sərgisinin keçirilməsinin mümkünlüyünü nəzərdən keçirməyə əsas verir”.

Forum öz işinə plenar açılış iclasından sonra başlayıb. İclasın videosunu linkdən keçərək izləyə bilərsiniz: //ceo.az/forum.

"Made in Uzbekistan Textile" Online B2B-nin təşkilatçıları qismində Özbəkistan Respublikası İnvestisiya və Xarici Ticarət Nazirliyi nəzdində İxracın Təşviqi Agentliyi, Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi ilə birlikdə Özbəkistanın "Uztekstilprom" tekstil və tikiş-trikotaj sənayesi Assosiasiyası çıxış ediblər. Tədbirə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) dəstək göstəriblər. Təşkilati dəstəyi isə “Caspian Event Organisers” (“CEO”) şirkəti təmin edib.