İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin department rəhbəri Nicat Hacızadə Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşkil etdiyi ABŞ-Azərbaycan və ABŞ-Gürcüstan arasında ixrac-idxal əməliyyatlarının sürətləndirilməsinə dair vebinarda iştirak edib.
Fins.az xəbər verir ki,Vebinar çərçivəsində ABŞ EXİMBANK-ın xarici ticarətin maliyyələşdirilməsi və sığortalanmasında mövcud olan təcrübəsi, Azərbaycan-ABŞ arasında idxal-ixrac əməliyyatlarının genişləndirilməsi, o cümlədən, mal və məhsulların keyfiyyətinin və standartların yüksəldilməsi istiqamətində geniş müzakirələr aparılıb.
Nicat Hacızadə bildirib ki, xarici ticarətin miqyasının genişləndirilməsi istiqamətində dövlət tərəfindən təşviq və dəstək paketləri davamlı xarakter daşıyır: “Bu gün dünyada müxtəlif proteksionist siyasətlərin tətbiqi yenidən aktuallaşıb. Pandemiya dövründə inkişaf etmiş ölkələr daxil olmaqla yerli istehsal növləri və nomeklaturanın diversifikasiyası ön plana keçib. Təbii ki, bu xarici ticarətdə bir sıra ticarət tarifləri və qeyri-ticarət baryerlərinin əhatəsinin genişlənməsi riski, pandemiya və post-pandemiya dövrü üçün müzakirə mövzusudur. Bu baxımdan idxal-ixrac əməliyyatlarının genişləndirilməsi və mal və xidmətlərin rəqabət qabiliyyətinin artırılması üçün müxtəlif dəstəkləyici maliyyə alətlərinin tətbiqi vacibdir”.
Qeyd edək ki, müzakirə olunan məsələlərə dair İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Amerika Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan nümayəndəliyi və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın genişlənməsini planlaşdırılır.