Bu ilin avqust ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı iyul ayı ilə müqayisədə 5,3 faiz bəndi azalıb.
"Global Stats" statistika mərkəzin yayımladığı məlumata görə, sentyabrın 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 33,1% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 27,3 faiz bəndi azdır. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutur.
Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Pinterest" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı avqust ayı ərzində 4,4 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin sentyabr ayının 1-nə 31% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən təqribən 15,8 faiz bəndi çoxdur.
Bu ilin avqust ayı ərzində ölkə üzrə "YouTube" şəbəkəsinin istifadəçilərinin fəallığı 2,4 faiz bəndi azalıb. Sentyabrın 1-nə olan məlumata görə, "YouTube" Azərbaycan sosial media bazarında 15,6% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz bəndi çoxdur.
Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Instagram"– 13,1, "Twitter" – 4,54, "VKontakte" – 1,15%, "Reddit" – 0,36% və s.
(c)APA