BİZNES

01 Sentyabr

Pakistan bu sahələrdə Azərbaycanla münasibətləri inkişaf etdirmək niyyətindədir

Pakistan turizm, ticarət, energetika və müdafiə sahələrində Azərbaycanla ikitərəfli münasibətləri möhkəmləndirməyə çalışır. Bunu Pakistan prezidenti Arif Alvi deyib.

Pakistan mətbuatının məlumatına görə, Alvi Azərbaycanda yeni təyin olunan səfiri Bilal Hai ilə İslamabadda söhbət zamanı bildirib ki, Pakistan Azərbaycanla münasibətlərə böyük önəm verir.

“Prezident deyib ki, Pakistan və Azərbaycan dərin siyasi, hərbi və mədəni əlaqələrə malikdir və səfiri ikitərəfli ticarətin həcminin artırılmasında rol oynamağa çağırıb”, - Pakistan mətbuatı məlumat verir.

Alvi koronavirus pandemiyası dövründə Pakistana dəstəyə, xüsusilə çətin vəziyyətdə olan 522 pakistanlının repatriasiyasına görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

“Həmçinin, Alvi qarşılıqlı fayda məqsədilə müxtəlif sahələrdə potensialın öyrənilməsi üçün Pakistanla Azərbaycan arasında yüksək səviyyədə ikitərəfli görüşlərin müntəzəm keçirilməsini vurğulayıb. Prezident Bilal Hainin Pakistanın Azərbaycandakı səfiri qismində iki ölkə arasında münasibətlərin gələcəkdə möhkəmləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib”, - Pakistan mətbuatı məlumat verir.