BİZNES

31 Avqust

KOBİA-nın dəstəyi ilə “Miniboss Business School” Azərbaycanda keçiriləcək

Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Böyük Britaniyanın “Avropanın Biznesin İnkişafı Bürosu” Elmi Tədqiqat Mərkəzinin “Miniboss Business School” proqramının ölkəmizdə həyata keçirilməsinə dəstək göstərəcək.

Fins.az xəbər verir ki, uşaq və yeniyetmələrə biznesin əsaslarını tədris edən “Miniboss Business School” proqramı Fransa, Ukrayna, Litva, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Filippin, İndoneziya, Bolqarıstan, Qazaxıstan və digər ölkələrdə rəsmi nümayəndəliklərə və franşiza əsasında fəaliyyət göstərən biznes məktəblərinə malikdir.

Bu biznes məktəbləri xüsusi tədris proqramı və metodologiyası 8 kursdan ibarət olmaqla biznes ideyaların inkişafı, innovasiyaların nəzəriyyəsi və praktikası, kommunikasiyalar, danışıqların aparılması, mentorinq və digər sahələrdə gənclərin bilik və bacarıqlarının artırılmasını təmin edir.

 

“Miniboss Business School” proqramı Azərbaycanda da uşaqların, yeniyetmə və gənclərin erkən yaşlarda biznes və sahibkarlıq sahəsində ilkin bilik və bacarıqlara yiyələnməsində əhəmiyyətli olacaqdır.

Ölkədə sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi, ömürboyu öyrənmək və milli profilli sahibkarlıq mədəniyyətinin formalaşdırılması istiqamətində müxtəlif tədris proqramlarının və dərsliklərin hazırlanması, digər tədbirlərin reallaşdırılması prosesində iştirak edən KOBİA “Miniboss Business School” proqramının yerli sahibkarlar tərəfindən həyata keçirilməsini dəstəkləyir. Agentlik həmçinin, proqram çərçivəsində biznes üzrə master-klassların, müxtəlif sahələrdə uğur qazanmış iş adamları tərəfindən mühazirələrin təşkili, tədris prosesinə qadın və gənc sahibkarların, eləcə də həssas kateqoriyadan olan sahibkarların cəlb edilməsinə dəstək göstərəcəkdir.